Sidik saxlamazlıq
Sidik saxlamazlıq sidik kisəsi üzərində nəzarətin itməsi deməkdir. Qadınlarda ən çox rast gəlinən iki növ sidik saxlamazlıq stress tipli sidik saxlamazlığı və ani sidik saxlamazlığıdır. Ani sidik saxlamazlığı bəzən həddən artıq aktiv sidik kisəsi ilə əlaqələndirilir.
Sidik saxlamazlıq qadınlarda kişilərə nisbətən iki dəfə daha çox rast gəlinir. Bu, hamiləlik, doğuş və menopauza kimi faktorların qadınlarda sidik saxlamazlığı ehtimalını artırması ilə bağlı ola bilər.
Sidik saxlamazlıq yaşlanmanın bir əlaməti deyil və müalicə oluna bilər.
Sidik saxlamazlıq nədir?
Sidik saxlamazlıq sidik kisəsinə nəzarətin itməsi və ya sidiyin qeyri-ixtiyari axması deməkdir.
Sidik böyrəklər tərəfindən sintez olunur və sidik kisəsində toplanır. Sidik kisəsinin əzələləri (detrusor əzələsi) sidiyə getmək lazım olduqda yığılır. Bu əzələlər yığılarkən sidik kisəsindən sidiyi xaricə aparan boru — uretra vasitəsilə sidik orqanizmdən çıxır. Eyni zamanda uretranı əhatə edən sfinkter əzələləri boşalır ki, sidik çölə çıxa bilsin.
Sidik saxlamazlıq o zaman baş verir ki, sidik kisəsinin əzələləri qəfil və nəzarətsiz şəkildə yığılsın, amma sfinkter əzələləri uretranı bağlamaq üçün kifayət qədər güclü olmasın. Bu zaman insanın ani, güclü sidik ehtiyacı yaranır və sidiyi saxlamaq çətinləşir.
Gülmək, asqırmaq və ya fiziki hərəkət zamanı yaranan təzyiq də sidik qaçırmaya səbəb ola bilər.
Sidik saxlamazlıq həmçinin sidik kisəsinin və uretranın fəaliyyətini idarə edən sinirlərdə problem olduqda da meydana çıxa bilər.
Sidik saxlamazlıq bəzən çox az miqdarda sidik sızması, bəzən isə birdən-birə çoxlu sidiyin axması ilə özünü göstərə bilər.
Sidik saxlamazlıq qadınlarda istənilən yaşda baş verə bilər, lakin yaş artdıqca daha çox görülür. Bu isə çox güman ki, menopauza dövründə baş verən hormonal dəyişikliklərlə bağlıdır.
65 yaşdan yuxarı qadınların 10-dan 4-dən çoxunda sidik saxlamazlıq müşahidə olunur.
Sidik saxlamazlığın hansı tipləri var?
Qadınlarda ən çox rast gəlinən sidik saxlamazlıq növləri aşağıdakılardır:
1. Stress tipli sidik saxlamazlıq
Bu, ən çox rast gəlinən sidik saxlamazlıq növüdür və gənc qadınlarda da çox rast gəlinən tipdir. Stress tipli sidik saxlamazlıq sidik kisəsinə təzyiq və ya gərginlik olduqda meydana gəlir.
Çanaq dibi əzələlərinin zəifliyi sidik kisəsinə və uretraya təzyiq göstərərək onların daha çox işləməsinə səbəb ola bilər. Bu zaman gündəlik fəaliyyətlər, məsələn, öskürmək, asqırmaq və ya gülmək, sidik qaçırmaya yol aça bilər. Həmçinin qəfil hərəkətlər və fiziki fəaliyyət də sidiyin sızmasına səbəb ola bilər.
2. Ani sidik saxlamazlığı
Ani sidik saxlamazlığında sidik qaçırma adətən güclü və qəfil sidik ehtiyacı hissindən sonra və hələ tualetə çatmamışdan əvvəl baş verir.
Bəzi qadınlar tualətə vaxtında çata bilir, lakin gündə səkkiz dəfədən çox sidiyə getmək ehtiyacı hiss edirlər. Tualətə çatdıqda isə çox sidik ifraz etmirlər. Ani sidik saxlamazlığı bəzən “həddən artıq aktiv sidik kisəsi” adlanır. Bu tip sidik saxlamazlığı yaşlı qadınlarda daha çox görülür. O, gözlənilmədən də baş verə bilər, məsələn, yuxuda, su içdikdən sonra və ya axan suyu eşidəndə və ya toxunduqda.
3. Qarışıq (mixed) sidik saxlamazlığı
Çox qadında həm stress, həm də ani sidik saxlamazlığı eyni anda müşahidə olunur. Bu tip sidik saxlamazlığı qarışıq sidik saxlamazlığı adlanır.
Sidik saxlamazlığının əlamətləri
Sidik saxlamazlıq özü müstəqil bir xəstəlik olmayıb, çox vaxt adətən başqa bir patologiyanın, ən çox çanaq dibi əzələlərinin zəifliyinin əlamətidir.
Sidik saxlamazlıqla yanaşı, bəzi qadınlarda əlavə sidik simptomları da müşahidə oluna bilər:
· Çanaq dibi nahiyəsində güclü sidiyə getmə ehtiyacı yaradan təzyiq və ya spazmlar,
· Gündəlikdən daha tez-tez tualətə getmək (gündə 8 dəfədən çox və ya gecə 2 dəfədən çox),
· Yuxuda sidik ifraz etmək.
Sidik saxlamazlığının səbəbləri
Sidik saxlamazlıq adətən sidik kisəsinin sidiyi saxlama və boşaltma funksiyasını tənzimləyən əzələ və sinirlərdəki problemlərdən qaynaqlanır. Qadınlara xas olan bəzi sağlamlıq stiuasiyaları, məsələn hamiləlik, doğuş və menopauza, bu əzələ və sinirlərdə problemlərə səbəb ola bilər.
Sidik saxlamazlığının digər səbəbləri:
Artıq çəki. Artıq çəki sidik kisəsinə təzyiq göstərir və zamanla əzələləri zəiflədə bilər. Zəif sidik kisəsi sidiyi saxlaya bilmir.
Qəbizlik. Uzun müddətli (xroniki) qəbizlik sidik kisəsinə nəzarəti çətinləşdirə bilər. Bağırsaq hərəkəti üçün gərginlik və ya qəbizlik sidik kisəsinə və çanaq dibi əzələlərinə təzyiq göstərir. Bu, əzələləri zəiflədir və sidik saxlamazlığa səbəb ola bilər.
Sinir zədələnməsi. Zədələnmiş sinirlər sidik kisəsinə yanlış zamanda siqnal göndərə və ya ümumiyyətlə göndərməyə bilər. Doğuş və bəzi xəstəliklər, məsələn diabet və multipl skleroz, sidik kisəsi, uretra və çanaq dibi əzələlərində sinir zədələnməsinə səbəb ola bilər.
Cərrahiyyə. Qadın reproduktiv orqanlarını əhatə edən hər hansı bir əməliyyat, məsələn histerektomiya ( uşaqlığın xaric edilməsi) çanaq dibi əzələlərinə ziyan verə bilər. Çanaq dibi əzələləri zədələnərsə, sidik kisəsinin əzələləri düzgün işləmir və bu da sidik saxlamazlığına gətirib çıxarır.
Bəzən sidik saxlamazlıq qısa müddətli olur və başqa səbəblərlə əlaqəlidir:
· Bəzi dərmanlar. Sidik saxlamazlıq bəzi dərmanların yan təsiri ola bilər, məsələn, diuretiklər (ürək çatışmazlığı, qaraciyər sirrozu, hipertoniya və bəzi böyrək xəstəliklərinin müalicəsində istifadə olunur). Dərmanı dayandırdıqda inkontinans adətən keçir.
· Kofein. Kofeinli içkilər sidik kisəsinin daha tez dolmasına səbəb ola və sidik sızmasına yol aça bilər. Araşdırmalar göstərir ki, gündə iki fincandan çox kofeinli içki içən qadınlarda sidik saxlamazlıq riski daha yüksəkdir. Kofeini məhdudlaşdırmaq sidik kisəsinə düşən təzyiqi azaltmaqla kömək edə bilər.
· İnfeksiya. Sidik yolları və sidik kisəsi infeksiyaları qısa müddətli sidik saxlamazlığa səbəb ola bilər. Infeksiya keçəndə sidik kisəsinə nəzarət adətən bərpa olunur.
Hamiləlik zamanı sidik saxlamazlığı müşahidə olunur?
Hamiləlik dövründə qadınların 10-dan 4-də sidik saxlamazlıq müşahidə oluna bilər. Hamiləlik zamanı ana bətnindəki döl böyüdükcə sidik kisəsinə, uretraya və çanaq dibi əzələlərinə aşağı istiqamətli təzyiq göstərir. Zamanla bu təzyiq çanaq dibi əzələlərini zəiflədə və sidik qaçırmaya və ya sidik ifrazında çətinliklərə səbəb ola bilər.
Hamiləlik zamanı sidik kisəsinə nəzarətlə bağlı yaranan problemlərin əksəriyyəti doğuşdan müəyyən müddət sonra keçir. Əgər doğuşdan 6 həftə sonra da sidik kisəsi ilə bağlı problemlər davam edərsə, həkimə müraciət etmək tövsiyə olunur.
Doğuş prosesi zamanı yaranan problemlər, xüsusilə vaginal doğuş, çanaq dibi əzələlərini zəiflədə və sidik kisəsinə nəzarəti təmin edən sinirləri zədələyə bilər.
Doğuş nəticəsində yaranan sidik kisəsinə nəzarət problemlərinin əksəriyyəti əzələlər bərpa olunma müddəti başa çatdıqdan sonra aradan qalxır.
Menopauza dövründə sidik qaçırma
Bəzi qadınlarda aybaşı dayandıqdan sonra sidik kisəsinə nəzarətlə bağlı problemlər yaranır. Tədqiqatçılar hesab edirlər ki, menopauzadan sonra orqanizmdə estrogen hormonunun səviyyəsinin azalması uretranın zəifləməsinə səbəb ola bilər. Uretra sidiyi, sidiyə getməyə hazır olana qədər, sidik kisəsində saxlamaqda mühüm rol oynayır.
Bütün əzələlər kimi, yaş artdıqca sidik kisəsi və uretra əzələlərinin tonusu azalır. Nəticədə yaşlandıqca sidik kisəsi əvvəlki qədər çox sidiyi saxlaya bilməyə bilər.
Sidik saxlamazlığı zamanı hansı həkimə müracət etmək lazımdır?
Əgər sizdə sidik saxlamazlıq varsa, ginekoloqa müraciət edə bilərsiniz. Həkim sidik saxlamazlığının müalicəsi üçün sizinlə birlikdə plan hazırlayacaq və ya fərqli müalicə tələb olunduqda sizi mütəxəssisə yönləndirəcək.
Bu mütəxəssis uroloq ola bilər — o, həm qadınlarda, həm də kişilərdə sidik sistemi problemlərinin müalicəsi ilə məşğul olur. Digər seçim isə qadın sidik sistemi üzrə xüsusi ixtisaslaşmaya malik olan uroginekoloq ola bilər.
Bəzi hallarda çanaq dibi üzrə mütəxəssisə — fizioterapevtə müraciət etmək də lazım ola bilər. Bu mütəxəssis sidik yollarını dəstəkləyən çanaq dibi əzələlərinin gücləndirilməsi üzərində sizinlə işləyəcək.
Sidik saxlamazlığına necə diaqnoz qoyulur?
Həkim sizdən şikayətləriniz və tibbi anamneziniz barədə soruşacaq. Buraya aşağıdakılar daxildir:
· Sidik kisəsini nə qədər tez-tez boşaltdığınız
· Sidik qaçırmasının necə və nə vaxt baş verdiyi
· Qaçırılan sidiyin miqdarı
· Şikayətlərin nə vaxt başladığı
· Qəbul etdiyiniz dərmanlar
· Heç hamilə olub-olmadığınız və doğuş təcrübənizin necə olduğu.
Daha sonra həkim sidik saxlamazlığa səbəb ola biləcək sağlamlıq problemlərinin əlamətlərini aşkar etmək üçün fiziki müayinə aparacaq.
Əlavə müayinələr
Həkim aşağıdakı müayinələri də təyin edə bilər:
Sidik analizi. Siz sidiyi qaba ifraz etdikdən sonra nümunə laboratoriyaya göndərilir. Laboratoriyada sidikdə infeksiya və ya sidik saxlamazlığının digər səbəbləri araşdırılır.
Ultrasəs müayinəsi. Həkim qarın divarı üzərindən ultrasəs aparatı ilə böyrəklərin, sidik kisəsinin və uretranın görüntülərini əldə edir və qeyri-adi dəyişikliklərin olub-olmadığını qiymətləndirir.
Sidik kisəsinin stress testi. Bu test zamanı həkim sidik qaçırmasının olub-olmadığını müşahidə edərkən sizdən öskürmək və ya gücənmə hərəkətini təqlid etmək xahiş olunur.
Sistoskopiya. Həkim ucu kiçik kamera ilə təchiz olunmuş nazik borunu uretradan sidik kisəsinə daxil edərək toxuma zədələnmələrini qiymətləndirir. Sistoskopiyanın növündən asılı olaraq, yerli keyitmə tətbiq oluna bilər və ya pasiyent tam sedasiya altında ola bilər.
Urodinamik müayinə. Həkim sidik kisəsinə nazik kateter yerləşdirərək onu maye ilə doldurur. Bu, sidik kisəsinin təzyiqini və nə qədər sidik saxlaya bildiyini ölçməyə imkan verir.
Sidik saxlamazlığının müalicəsi
Siz və həkiminiz birlikdə müalicə planı hazırlayacaqsınız. Müalicə adətən evdə tətbiq oluna bilən tədbirlərlə başlayır. Əgər bu tədbirlər şikayətləri azaltmazsa, həkim sizdə stress tipli sidik saxlamazlığı, ani sidik saxlamazlığı və ya hər ikisinin olub-olmamasından asılı olaraq digər müalicə üsullarını tövsiyə edə bilər.
Müalicə planı üzərində işləyərkən səbirli olmaq vacibdir. Müxtəlif müalicə üsullarının təsir göstərməyə başlaması üçün bir ay və ya daha uzun müddət lazım ola bilər.
Həkim sidik saxlamazlığın müalicəsinə kömək etmək üçün evdə edə biləcəyiniz bəzi tədbirləri tövsiyə edə bilər. Bəzi insanlar bu cür sadə tədbirlərin təsirli olacağına inanmır, lakin bir çox qadında bu addımlar sidik saxlamazlığının tam keçməsinə və ya sidik qaçırmasının azalmasına səbəb olur.
Evdə görülə bilən tədbirlər:
Kegel məşqləri. Əgər sizdə stress tipli sidik saxlamazlığı varsa, çanaq dibi əzələlərini gücləndirən Kegel məşqləri faydalı ola bilər.
Lakin bəzi qadınlarda sidik problemləri çanaq dibi əzələlərinin daim gərgin vəziyyətdə olması ilə bağlıdır. Bu halda Kegel məşqləri fayda vermir və hətta problemləri artıra bilər. Buna görə Kegel məşqlərinə başlamazdan əvvəl mütləq həkim ilə məsləhətləşmək lazımdır.
Sidik kisəsinin məşqi. Ani sidik saxlamazlığı və ya həddən artıq aktiv sidik kisəsi zamanı sidik kisəsinə nəzarəti yaxşılaşdırmaq üçün tualetə müəyyən olunmuş vaxtlarda getmək tövsiyə olunur.
Əvvəlcə sidik gündəliyində gün ərzində nə qədər ara ilə tualetə getdiyinizi qeyd edin. Daha sonra tədricən tualetə getmə intervallarını təxminən 15 dəqiqə artırın. Hətta sidik ehtiyacı hiss etməsəniz belə, hər dəfə sidiyə gedin. Zamanla sidik kisəsi daha çox sidiyi saxlamağa öyrəşir.
Çəkinin azaldılması. Artıq çəki sidik kisəsinə və ətraf əzələlərə əlavə təzyiq göstərərək sidik kisəsinə nəzarət problemlərinə səbəb ola bilər. Əgər artıq çəkiniz varsa, həkim sağlam qidalanma və müntəzəm fiziki aktivlik əsasında arıqlama planı hazırlamaqda sizə kömək edə bilər. Lazım olduqda sizi dietoloqa və ya fizioterapevtə yönləndirə bilər.
Qidalanma vərdişlərinin dəyişdirilməsi. Kofeinli, qazlı (məsələn, kola tipli) və alkoqollu içkilər sidik qaçırmasını və sidik saxlamazlığı artıra bilər. Həkim bu içkiləri bir müddət azaltmağı və ya tam dayandırmağı tövsiyə edə bilər.
Qəbizliyin müalicəsi. Qəbizlik sidik saxlamazlığını pisləşdirə bilər. Həkim liflə zəngin qidaların artırılmasını tövsiyə edə bilər. Lifli qidalar qəbizliyi azaldaraq sidik kisəsinə düşən təzyiqi azaldır.
Siqaretin tərgidilməsi. Siqaret çəkmək bir çox sağlamlıq problemləri kimi sidik saxlamazlığı da ağırlaşdıra bilər.
Müalicə davam edərkən sidik qaçırmasının idarə olunması üçün qoruyucu gigiyenik vasitələrdən — bezlər və ya qoruyucu alt paltarlarından da istifadə etmək mümkündür.