image
image
İlk aybaşı

İlk aybaşı

Yeniyetməlik dövrü başladıqda, beyin hipotalamus və hipofiz vasitəsilə orqanizmdə hormonların sintez və ifrazı üçün siqnal göndərir. Bu hormonların bir hissəsi hər ay orqanizmi mümkün hamiləliyə hazırlayır və bu proses menstrual tsikl adlanır. Hormonların təsiri ilə endometrium — yəni uşaqlığın daxili selikli qişası — qalınlaşır və qanla zəngin toxuma əmələ gətirir.

Daha sonra yumurtalıqlardan biri bir oosit (yumurta hüceyrəsi) buraxır. Bu proses ovulyasiya adlanır. Yumurta hüceyrəsi fallop borularından biri ilə uşaqlığa doğru hərəkət edir.

Əgər yumurta spermatozoidlə mayalanmazsa, hamiləlik baş vermir. Bu halda endometrium parçalanır və qan və toxuma şəklində vagina vasitəsilə orqanizmdən xaric olur. Bu proses menstruasiya (aybaşı qanaxması) adlanır.

Əksər qızlarda menstruasiya 11–13 yaşlarında başlayır, lakin bəzilərində bu daha erkən və ya daha gec baş verə bilər. Adətən menstrual qanaxma, süd vəzilərinin böyüməsi başladıqdаn təxminən 2–3 il sonra başlayır.

Menstruasiya ilk dəfə başladıqda qanaxma cəmi bir neçə gün davam edə bilər. İlk ayabşılar çox zəif ola bilər — yalnız bir neçə damcı qırmızımtıl-qəhvəyi rəngli qan görə bilərsiniz. Menstruasiyanın 2–7 gün davam etməsi normal hesab olunur. Əgər qanaxma 7 gündən artıq davam edirsə, həkimlə məsləhətləşməlisiniz.

Menstrual tsikl bir ayda qanaxmanın başladığı ilk gündən, növbəti ayda qanaxmanın başladığı ilk günə qədər olan müddət kimi hesablanır. Orta menstrual tsikl təxminən 28 gün davam edir, lakin 21–45 gün arası tsikllər də normal sayılır. Menstruasiya başladıqdan sonra tsiklin tam qaydaya düşməsi üçün təxminən 6 il və ya daha çox vaxt tələb oluna bilər.

Əgər menstruasiyanı hər ay izləsəniz, müəyyən bir müntəzəmlik görə bilərsiniz. Bu, növbəti menstrual qanaxmanın nə zaman başlayacağını təxmin etməyi daha da asanlaşdıra bilər. Menstruasiyanı təqvimdə izləmək üçün qanaxmanın başladığı ilk günü təqvimdə “X” işarəsi ilə qeyd edin. Qanaxma davam edən hər növbəti günü də “X” ilə işarələyin. İlk “X” 1-ci gün hesab olunur. Növbəti menstrual qanaxma başlayana qədər günləri ardıcıl şəkildə saymağa davam edin. Müasir dövrdə texnologiyanın inkişafı sayəsində, telefonlara yüklənən xüsusi proqramlardan istifadə etməklə də menstrual tsikli izləmək mümkündür.

 

Dr leyla | İlk aybaşı

Bu bölmədə

No subcategories found.