HPV infeksiyası: Ziyil növləri və servikal xərçəng riski
HPV infeksiyası insan papilloma virusunun törətdiyi virus xəstəliyidir. HPV-nin 100-dən çox tipi mövcuddur. Onların bir qismi dəridə ziyil əmələ gətirir, müəyyən tipləri isə serviks, vulva, vagina, penis, anus və orofaringeal (boğazın arxa hissəsi) xərçənginə səbəb ola bilər.
HPV əsasən cinsi əlaqə və ya dəridən-dəriyə təmasla ötürülür. Peyvəndlər genital ziyillərə və servikal xərçəngə səbəb olan HPV tiplərinə qarşı qoruma yaradır.
HPV infeksiyasının simptomları və ziyil növləri
Orqanizmin immun sistemi çox vaxt HPV-ni ziyil əmələ gətirmədən zərərsizləşdirir. Ancaq virusa görə yaranan ziyil növləri fərqlidir:
· Adi ziyillər
Adi ziyillər əllərdə və barmaqlarda əmələ gəlir.Kiçik, dənəvər quruluşlu,toxunduqda kobud, dəri rəngində, ağ, çəhrayı və ya açıq qəhvəyi ola bilər.
· Plantar (ayaqaltı) ziyillər
Plantar ziyillər əllərdə və barmaqlarda ziyil yaradan eyni virus tipi ilə yaranır.Lakin yerləşmə yeri daban və ayağın altı olduğuna görə daha ağrılı ola bilər.
· Yastı ziyillər
Yastı ziyillər digərlərindən daha kiçik və daha hamar olur. Ən çox üzdə və ayaqlarda rast gəlinir. Uşaqlar və yeniyetmələrdə böyüklərə nisbətən daha çox görülür.
· Qadınlarda genital ziyillər
Genital ziyillər çox yayılmış cinsi yolla keçən infeksiyadır.Cinsiyyət orqanlarında, qasıq nahiyəsində, anal bölgədə,vaginanın içində yarana bilər.
· Kişilərdə genital ziyillər
Genital ziyillər kişilərdə də eyni şəkildə yayılmış cinsi yolla keçən infeksiyadır. Cinsiyyət orqanlarında,qasıq nahiyəsində, anal bölgədə yarana bilər.
Servikal (uşaqlıq boynu) xərçəngi və HPV
HPV infeksiyası servikal xərçənglərin demək olar ki, hamısının səbəbidir. Lakin infeksiyadan sonra servikal xərçəngin inkişafı 20 ildən çox vaxt ala bilər.
HPV infeksiyası və servikal xərçəngin erkən mərhələləri adətən heç bir simptom vermir. Buna görə HPV-yə qarşı peyvənd servikal xərçəngdən qorunmanın ən effektiv yoludur.
Servikal xərçəngin erkən aşkarlanması — Skrininq
Servikal xərçəng erkən mərhələdə simptom vermədiyi üçün qadınların mütəmadi müayinə olunması vacibdir. Skrininq serviksdə xərçəngə çevrilə biləcək hüceyrə dəyişikliklərini erkən aşkar etməyə kömək edir.
Müayinələr:
21–29 yaş: Hər 3 ildən bir Pap test.
30–65 yaş: Hər 3 ildən bir Pap test, və ya 5 ildən bir Pap test + HPV DNT testi birlikdə aparılır.
65 yaşdan yuxarı: Əgər qadının ardıcıl üç normal Pap testi və ya iki normal Pap + HPV DNT testi olubsa, skrininqi dayandırmaq olar.