Çanaq orqanlarının sallanması
Çanaq orqanlarının sallanması nədir?
Pelvik (çanaq) orqanların sallanması çanaq orqanlarını — uşaqlıq, sidik kisəsi və ya düz bağırsağı — dəstəkləyən əzələlərin və birləşdirici toxumaların zəifləməsi və ya boşalması nəticəsində yaranır. Bu zaman pelvik orqanlardan biri və ya bir neçəsi aşağı enərək uşaqlıq yoluna doğru sallana, ona təzyiq göstərə və ya hətta uşaqlıq yolundan xaricə çıxa bilər. Bir çox qadın bu əlamətlər barədə həkimə müraciət etməkdən çəkinir və ya onları normal hesab edir. Lakin çanaq orqanlarının sallanması müalicə oluna bilən bir vəziyyətdir.
Çanaq əzələləri və toxumalar çanaq orqanlarını dəstəkləyir. Çanaq orqanlarına sidik kisəsi, uşaqlıq və uşaqlıq boynu, uşaqlıq yolu və düz bağırsaq (bağırsağın bir hissəsi) daxildir. Çanaq orqanlarının sallanması əzələlər və toxumalar zəif və ya zədələnmiş olduqda, bu orqanları dəstəkləyə bilmədikdə baş verir. Nəticədə bir və ya bir neçə çanaq orqanı aşağı enərək uşaqlıq yoluna doğru sallana və ya uşaqlıq yolundan xaricə çıxa bilər.
Çanaq orqanlarının sallanması çanaq dibi patologiyalarının bir növüdür. Ən çox rast gəlinən çanaq dibi patologiyaları bunlardır:
· Sidik saxlamazlıq (sidik qaçırma)
· Nəcisin saxlanmaması (nəcis qaçırma)
· Çanaq orqanlarının sallanması (çanaq orqanlarını dəstəkləyən əzələ və toxumaların zəifləməsi)
Çanaq orqanları sallanmasının hansı növləri var?
Çanaq orqanlarının hansının sallanmasından asılı olaraq müxtəlif sallanma növləri vardır. Ən çox rast gəlinən növlər bunlardır:
Sidik kisəsinin sallanması (sistosele) – bu, çanaq orqanlarının sallanması növləri arasında ən çox rast gəlinəndir. Sidik kisəsi uşaqlıq yoluna doğru sallana və ya uşaqlıq yolundan xaricə çıxa bilər.
Düz bağırsağın sallanması (rektosele) – düz bağırsaq uşaqlıq yoluna doğru sallana və ya uşaqlıq yolundan çıxa bilər.
Uşaqlığın sallanması (uşaqlıq prolapsı) – uşaqlıq vaginaya doğru sallana və ya uşaqlıq yolundan xaricə çıxa bilər. Uşaqlığın sallanması bəzən nazik bağırsağın sallanması (enterocele) ilə birlikdə ola bilər; bu zaman bağırsağın bir hissəsi uşaqlıq yoluna doğru qabarır.
Nadir hallarda, çanaq orqanlarının sallanması histerektomiyadan sonra da baş verə bilər. Bu zaman uşaqlıq yolunun istənilən divarı sallana və uşaqlıq yolundan çıxa bilər.
Çanaq orqanları sallanmasının əlamətləri hansılardır?
Çanaq orqanlarının sallanması nəticəsində uşaqlıq yolunda bir qabarıqlıq əmələ gələ bilər ki, bəzən onu hiss etmək və ya görmək mümkündür. Çanaq orqanlarının sallanması olan qadınlar fiziki fəaliyyət və ya cinsi əlaqə zamanı narahat təzyiq hiss edə bilərlər.
Çanaq orqanlarının sallanmasının digər simptomları bunlardır:
· Uşaqlıq yolunda qabarıqlıq görmək və ya hiss etmək, ya da “nəsə çıxır” kimi hiss
· Çanaqda təzyiq, narahatlıq, ağrı və ya dolğunluq hissi
· Ayaq üstə duranda, öskürərkən və ya gün ərzində təzyiqin artması
· Sidik qaçırması və ya nəcisin xaric olunmasında problemlər
· Tampon istifadə edərkən çətinlik
· Bəzi qadınlar simptomların günün müəyyən vaxtlarında, fiziki fəaliyyət zamanı və ya uzun müddət ayaq üstə qaldıqda daha pis olduğunu bildirirlər.
Çanaq orqanları sallanmalarının səbəbləri nələrdir?
Çanaq orqanlarının sallanması çanaq əzələləri və birləşdirici toxumalar normal işləmədikdə baş verir. Ən çox rast gəlinən risk faktorları bunlardır:
· Vaginal doğuş – bu, çanaq dibi əzələlərini dartılmasınavə gərginləşməsinə səbəb ola bilər. Bir neçə vaginal doğuş sonrakı dövrdə çanaq orqanlarının sallanması riskini artırır. Lakin, doğmamış qadınlarda və ya Kesar əməliyyatı ilə uşaq dünyaya gətirən qadınlarda da sallanma baş verə bilər.
· Qarnın uzunmüddətli təzyiqi, məsələn, piylənmə, xroniki öskürək və ya defekasiya zamanı ( böyük bayıra getmə) gücənmə,
· İri uşaq (≈3,8 kq-dan ağır) uşaq doğmaq,
· Yaşlanma – çanaq dibi problemləri daha çox yaşlı qadınlarda rast gəlinir. Çanaq dibi patologiyaları olan qadınların təxminən 37%-i 60–79 yaş arasındadır, təxminən yarısı isə 80 yaş və daha yuxarıdır.
· Menopauza zamanı hormonal dəyişikliklər – estrogen hormonunun azalması çanaq orqanlarının sallanması riskini artıra bilər. Bu fenomenin dəqiq səbəbi hələ tam bilinmir.
· Ailə anamnezi – Genetikanın çanaq orqanlarının sallanmasında rolu üzərində tədqiqatlar aparılır.
Çanaq orqanları sallanmasının diaqnostikası necə aparılır?
Həkiminiz simptomlarınız haqqında sizinlə danışacaq və çanaq orqanlarını müayinə edəcək. Müayinə zamanı həkiminiz sizdən gücənməyi və ya öskürməyinizi xahiş edə bilər ki, bu hərəkətlərin çanaq orqanlarının sallanmasına və ya sidik qaçırmasına səbəb olub-olmadığını görə bilsin. Həkiminiz həmçinin sidiyinizi tamamilə boşalda bildiyinizi yoxlamaq üçün əlavə testlər də apara bilər.
Çanaq orqanları sallanmasının müalicəsi necədir?
Çanaq orqanlarının sallanmasının müalicəsi, sallanmanın növünə, simptomlarınıza, yaşınıza, digər sağlamlıq problemlərinizə və cinsi fəallığınıza bağlıdır.
Müalicəniz bunlardan biri və ya bir neçəsini əhatə edə bilər:
Pessari – Pessari uşaqlıq yoluna yerləşdirilən çıxarıla bilən alətdir və çanaq orqanlarını dəstəkləyir. Pessarilər müxtəlif forma və ölçülərdə olur. Çox vaxt həkiminiz müalicəyə ilk olaraq pessari ilə başlayır. Bəzi pessari növləri həm çanaq orqanlarının sallanmasını, həm də sidik saxlamazlığıni müalicə edə bilər.
Çanaq dibi əzələlərinin məşqi – Həkiminiz sizə çanaq dibi əzələlərinin məşqlərini göstərə bilər və ya sizi fizioterapevtə yönləndirə bilər ki, əzələləri gücləndirən məşqləri edin. Bu məşqlər həm çanaq orqanlarının sallanması, həm də sidik saxlamazlığı olan qadınlara kömək edir.
Qidalanma vərdişlərini dəyişmək – Əgər qəbizlik kimi bağırsaq problemləriniz varsa, həkiminiz daha çox lifli qida qəbul etməyi tövsiyə edə bilər. Lif qəbizlik və nəcisin xaric olunması zamanı gərginliyi azaldır.
Uşaqlığı və ya uşaqlıq yolunu dəstəkləmək üçün cərrahiyyə – Cərrahiyyə zamanı həkiminiz sallanan orqanı bərpa etmək və çanaq dibi dəstəyini yaratmaq üçün öz toxumanızı və ya sintetik tor istifadə edə bilər. Bu növ əməliyyat ciddi uşaqlıq və ya uşaqlıq yolu sallanması olan və cinsi fəal qadınlara tövsiyə olunur. Prolaps əməliyyatı uşaqlıq yolundan və ya qarın boşluğundan edilə bilər. Həkiminiz qarın boşluğundan prolapsı bərpa etmək üçün sintetik tor istifadə edə bilər.Lakin təhlükəsizlik səbəblərinə görə, uşaqlıq yolu vasitəsilə torun istifadəsi artıq məhdudlaşdırılıb.
Uşaqlıq yolunu bağlayan əməliyyat – Bu əməliyyat kolpoklisis adlanır və uşaqlıq yolunu bağlayaraq prolapsı müalicə edir. Bu, cinsi əlaqəsi olmayan qadınlar üçün optimal seçim ola bilər.
Çanaq orqanlarının sallanmasının qarşısını necə almaq olar?
Tədqiqatçılar çanaq orqanlarının sallanmasının qarşısını alma yollarını öyrənirlər. Aşağıdakı addımlar çanaq dibi problemləri riskinizi azalda bilər:
· Normal çəkini qoruyun və ya artıq kilonuz varsa çəkinizi azaldın – Artıq çəki və ya piylənmə çanaq dibi problemlərinin daha çox rast gəlinməsinə səbəb olur.
· Lifli qidalar seçin – Lif qəbizlik və nəcisin xaric olunması zamanı gərginliyi azaldır. Qəbizliyin qarşısını almaq bəzi çanaq dibi patologiyaları riskini azalda bilər.
· Siqaret çəkməyin – Siqaret xroniki öskürəyə səbəb ola bilər və bu, çanaq dibi əzələlərinə təzyiq göstərir.