9 HƏFTƏ HAMİLƏLİK
9 HƏFTƏ HAMİLƏLİK: KÖRPƏNİN İNKİŞAFI, DUYĞULARINIZ VƏ NORMAL ÇƏKİDƏ QALMAQ
Təxminən 22 mm uzunluğunda olan körpəniz indi çiyələk boydadır.
Bu həftə körpənizin inkişafı
Körpənizin gözləri artıq böyüyüb və müəyyən piqmentə (rəngə) malikdir.
Burun dəlikləri və yuxarı dodaq inkişaf edir, ağızın içərisində isə dad tumurcuqları olan kiçik dil formalaşıb.
İndi körpəniz ana bətnində hərəkət etməyə başlayır və toxunmaya reaksiya verə bilir. Lakin siz hərəkətləri hiss etmək üçün bir neçə həftə gözləməlisiniz.
9-cu həftədə hamiləliyin əlamətləri
Erkən hamiləlik əlamətləri
Birinci trimestrdə çətinliklər ola bilər. Bir çox qadın ürəkbulanma, qusma və yorğunluq yaşayır. Xüsusilə hamiləliyi hələ açıqlamamış qadınlar üçün bu dövr daha çətin keçə bilər.
Hamiləlik simptomları insandan insana dəyişir, lakin əksər qadınlar ikinci trimestrə doğru daha rahat hiss etməyə başlayırlar.
Əgər gündə bir neçə dəfə qusursunuzsa və qida ya maye bədəndə qalmırsa, dərhal həkiminizlə və ya xəstəxananızla əlaqə saxlayın. Susuzlaşma riski olduğundan bəzən xəstəxana müalicəsi tələb oluna bilər.
Hamiləlikdə emosiyalar
Progesteron və estrogen hormonlarının yüksək səviyyəsi ilk trimestrdə emosional dəyişikliklərə səbəb ola bilər. Körpənizin sağlamlığı, maliyyə vəziyyəti və gələcək planlar haqqında düşüncələr sizi narahat edə bilər.
Özünüzə vaxt ayırmaq, stressdən qaçmaq və kifayət qədər istirahət etmək emosional sağlamlığınıza dəstək olacaq.
Hamiləlikdə bayılma
Hormonal dəyişikliklər bayılma hissinə səbəb ola bilər. Qarşısını almaq üçün:
-
Oturduqdan və ya uzandıqdan sonra yavaş-yavaş qalxın;
-
Halsızlıq hiss etdikdə oturacaq tapın və bir az gözləyin;
-
Arxası üstə uzanarkən bayqınlıq hissi yaranarsa, yanı üstə çevrilin.
9-cu həftədə nə etməli
Qəbul etdiyiniz dərmanlara diqqət edin
Baş ağrısı varsa, parasetamol qəbul edə bilərsiniz. Lakin bütün reseptsiz dərmanlar hamiləlikdə təhlükəsiz deyil. Hamiləlik dövründə istifadə edilə biləcək dərmanlar haqqında həkiminizdən məlumat alın.
Çəkini normal saxlamaq
Hamiləlikdə çəkinin idarəsi pəhriz saxlamaq və ya arıqlamaq deyil. Sağlam qidalanmaq və aktiv həyat tərzi çəkinin normal qalmasına kömək edir.
Hamiləlikdə düzgün çəkini qorumaq hamiləlik diabeti, yüksək qan təzyiqi və digər patologiyaların riskini azaldır.
Özünüzlə qəlyanaltı götürün
Əlinizdə sağlam qəlyanaltı olması şəkərli qida və şirniyyatlardan uzaq durmanıza kömək edir.
Məsələn, qurudulmuş meyvələr (ərik qurusu) dəmir ehtiyatlarını artırır, hamiləlik anemiyasının qarşısını alır və həzm prosesini yaxşılaşdırır.