7 HƏFTƏ HAMİLƏLİK
7 HƏFTƏLİK HAMİLƏLİK: KÖRPƏNİN İNKİŞAFI, İDMAN VƏ 40 YAŞDAN YUXARI QADINLARDA HAMİLƏLİK
Bu həftə bir zamanlar lobya boyda olan körpəniz artıq üzüm giləsi ölçüsünə çatır.
Bu həftə körpənizin inkişafı
Bu dövrdə körpənizin başı bədəninin digər hissələrinə nisbətən daha sürətlə böyüyür. Bu, beynin sürətli inkişafı üçün lazım olan əlavə sahəni təmin edir.
Qollar və ayaqların olduğu bölgələrdə qığırdaq toxuması formalaşmağa başlayır. Qollar tədricən uzanır, ucları genişlənir və gələcək əllərin ilkin forması yaranır.
Körpənin bədəni boyunca incə sinir şəbəkəsi yayılır. Beyin və onurğa beyni əzələlərə siqnallar göndərdiyi üçün körpəniz kiçik refleks hərəkətləri etməyə başlayır. Tezliklə temperatur, toxunuş və dad kimi duyğuların təməli formalaşacaq.
7-ci həftədə hamiləliyin əlamətləri
Yorğunluq hissi
Erkən hamiləlikdə güclü yorğunluq, hətta tükənmişlik hissi çox yaygındır və buna əsas səbəb hormonal dəyişikliklərdir. İşləyirsinizsə və ya digər uşaqlarınız varsa, bu daha çətin ola bilər. Özünüzü yaxşı hiss etmək üçün imkan daxilində istirahət etməyə çalışın.
Artmış susuzluq
Hamiləlikdə qan həcminin artırılması üçün orqanizmin daha çox mayeyə ehtiyacı olur. Buna görə həmişəkindən daha çox susuzluq hiss edə bilərsiniz. Su həm qəbizliyi azaldır, həm də amniotik mayenin formalaşmasında mühüm rol oynayır.
Gündə təxminən 8 stəkan maye qəbul etməyə çalışın (ürəkbulanması olanlar üçün qurtumla içmək daha rahatdır).
Sidik ifrazının artması
Hormonal təsirlərə görə erkən hamiləlikdə daha tez-tez sidiyə getmə ehtiyacı yarana bilər. Hamiləlik irəlilədikcə böyüyən uşaqlıq sidik kisəsinə təzyiq etdiyindən bu hal davam edə bilər.
Erkən dövrdə bəzi qadınlarda qəbizlik və vaginal axıntıda artım ola bilər — bu da normaldır.
Diş ətində qanama
Hamiləlik hormonları diş ətlərinin şişməsinə, həssaslaşmasına və qanamasına səbəb ola bilər. Buna görə diş baxımı bu dövrdə daha da vacibdir. Diş həkimi müntəzəm müayinələrdə sizə lazım olan dəstəyi göstərəcək.
Bu barədə daha ətraflı məlumatı “Hamiləlikdə ən çox rast gəlinən 10 sağlamlıq problemi” məqaləsində oxuya bilərsiniz.
7-ci həftədə nə etməli?
Aktiv qalın
Əgər hamiləliyiniz fəsadsız gedirsə, fiziki aktivlik həm təhlükəsizdir, həm də faydalıdır. Aktiv olmaq bədəninizin dəyişikliklərə uyğunlaşmasına kömək edir və doğuş üçün sizi daha yaxşı hazırlayır. Məşq körpənizə zərər verməz.
Məşq səviyyəsi hamiləlikdən əvvəl nə qədər aktiv olduğunuza görə dəyişir. Əvvəllər idman etməmisinizsə belə, sadə və yüngül hərəkətlərlə başlamaq mümkündür. Faydalanmaq üçün məşqlərin çox gərgin olmasına ehtiyac yoxdur.
Hamiləlikdə edilə biləcək müxtəlif məşq növləri var və bunların arasında çanaq dibi əzələləri üçün məşqlər xüsusi əhəmiyyət daşıyır.
40 yaşdan yuxarısınızsa
40 yaşdan yuxarı qadınların çoxu sağlam hamiləlik keçirir və sağlam körpə dünyaya gətirir. Lakin bu yaş qrupunda bəzi ağırlaşma riskləri statistik olaraq daha yüksəkdir.
Yaşdan asılı olmayaraq, ümumi sağlamlıq vəziyyəti hamiləliyin gedişi üçün əsas faktorlardan biridir.
Bu səbəbdən:
-
Bütün antenatal müayinələrə vaxtında getmək,
-
Lazım olan skrininq və testlərdən keçmək
xüsusilə 40 yaşdan yuxarı hamiləliklərdə daha böyük əhəmiyyət daşıyır. Bu testlər həm sizin, həm də körpənizin sağlamlığının yaxından izlənməsi üçün vacibdir.