YAŞIN HAMİLƏ QALMAĞA TƏSİRİ
Yaş və hamilə qalmaq şansı
Əksər insanlar bir çox səbəblərdən, məsələn, uşağı maddi cəhətdən təmin etməyə hazır olmadıqları (məsələn, pul və ya mənzillə) və ya gec ailə qurduqları üçün irəli yaşda uşaq sahibi olurlar.
Lakin yaş irəlilədikcə hamilə qalmaq çətinləşir və hamiləliyin erkən pozulması riski yüksəlir, bütün bunlar sizin valideyn olma şansınızın xeyli aşağı düşməsinə gətirib çıxarır. Kişilər qadınlara nisbətən daha uzun müddət reproduktiv funksiyalarının qalması ilə fərqlənsələr də, onların da yaşla əlaqədar sperma keyfiyyətinin aşağı düşməsi baş verir.
Yaşlanma reproduktiv (nəsil artırma) funksiyaya niyə təsir edir?
Qadınlarda əsasən 35 yaşından sonra yumurta sayı ve keyfiyyəti aşağı düşdüyü üçün hamilə qalmaq şansı da azalır.
Ümumiyyətlə cinsi yetişknlik dövründən başlayaraq menopauzaya qədər hər ay yumurtalıqlarınızda bir yumurta yetişir və əgər cinsi əlaqə olarsa hamilə qalarsınız. Yumurtalıqlarda olan yumurtalar qız uşağı ana bətnində olanda yaranır və bu yumurta sayı ilə doğulurlar, yəni sonradan yeni yumurtalar yaranmır. İnsan yaşlandıqca yumurta sayı da azalır.
Yaşdan asılı olaraq hamilə qalmaq üçün nə qədər vaxt lazımdır?
Müntəzəm, qorunmasız cinsi əlaqədən sonra 1 il ərzində neçə faiz qadın hamilə qalır:
- 30 yaşdan aşağı: 85% qadın;
- 30 yaşında: 75% qadın;
- 35 yaşında: 66% qadın;
- 40 yaşında: 44% qadın bir il ərzində hamilə qalır.
Bununla belə, qərb ölkələrinin rəsmi statistikalarına görə 35 və daha yuxarı yaşda uşaq dünyaya gətirən qadınların sayı artmışdır. 2011-2021-ci illər arasında 40 və daha yuxarı yaşda olanlar tərəfindən doğulan körpələrin sayı beşdə bir artıb.
Sonsuzluğun bir çox səbəbləri vardır, lakin bəzi hallarda heç bir səbəb tapılmır. Buna “səbəbi bilinməyən sonsuzluq” deyilir. Səbəbi bilinməyən sonsuzluq 20 yaşındakı insanlar üçün nadirdir, lakin 35 yaşdan yuxarı insanlarda ən çox rast gəlinən sonsuzluq diaqnozudur.
Ginekologa nə vaxt müraciət etmək lazımdır?
Ailə qurduqdan bir il keçib və hamiləlik planlamağınıza baxmayaraq, hamilə qalmırsınızsa həkimə müraciət edin. Yaşınız 36 və ya daha yuxarıdırsa həkimə daha tez müraciət etməyiniz tövsiyə olunur.
Əgər endometrioz, polikistik yumurtalıq sindromu (PCOS) və ya tiroid xəstəlikləri kimi digər sağlamlıq problemləriniz olduğunu bilirsinizsə, həkiminizlə daha erkən görüş təyin etməlisiniz.
Hamilə qalmağa təsir edən tək amil yaş deyil. Hamilə qalmağı çətinləşdirə biləcək digər həyat tərzi amilləri bunlardır:
- Siqaret çəkmək;
- Spirtli içkilər;
- Narkotik istifadəsi;
- Piylənmə;
- Cinsi yolla ötürülən infeksiyanın olması.
Həkiminiz reproduktiv probleminizin səbəbini aşkarlayıb sizə buna uyğun müalicələri təklif edəcəkdir.
Partnyorum yaşlı olarsa nə olar?
Yaşla kişilərdə uşaq sahibi olmaq qabiliyyəti də azalır, çünki yaşla sperma keyfiyyəti aşağı düşür. Bununla belə, kişilərdə eyni yaşdakı qadınlara nisbətən reproduktiv funksiyanın daha yüksək olduğunu görürük.
Yaşlı kişilərin uşaq sahibi olmaq şansının daha az olmasının digər səbəbləri:
- Cinsi həvəsin az olması;
- Erektil disfunksiya;
- Kişi cinsi hormonlarının aşağı səviyyədə olması.
Yaşım hamiləliyimə necə təsir edə bilər?
“İdeal” reproduktiv yaşdan yuxarı olan bir çox insanın sağlam hamiləlikləri və körpələri olur, lakin hamiləlikdə düşük kimi ağırlaşmalar da yaşla artır.
Düşük baş verir:
- 30 yaşdan kiçik olanlarda hər 10 hamiləlikdən 1-ində;
- 35-39 yaş arası hər 10 hamiləlikdən 2-sində;
- 45 yaşdan yuxarı olan hamilə qadınların yarısında.
35 yaşdan yuxarısınızsa, ektopik (uşaqlıqdan kənar) hamiləlik şansınız da yüksəkdir.
Əgər yaşınız 40-dan çoxdursa və hamiləsinizsə, aşağıdakılara daha çox meyillisiniz:
- Yüksək qan təzyiqi;
- Hestational diabet;
- Fəsadlara səbəb ola biləcək əkizlər və ya üçəmlər;
- Daun sindromlu körpə;
- Preeklampsiya (ana və körpə üçün təhlükəli ola biləcək hamiləlik vəziyyəti)
- Çətin doğuş;
- Kesar əməliyyatı;
- Ölü döl.
40 yaşdan yuxarı hamilələrin əlavə müayinələrə ehtiyacı varmı?
Əgər 40 yaşdan yuxarısınızsa və digər sağlamlıq problemləriniz varsa, o zaman ginekoloqla yanaşı, digər mütəxəssislər hamiləlik zamanı qayğınıza qalmaq üçün cəlb oluna bilər.
Antenatal qulluq zamanı sizin və körpənizin sağlam olub olmadığını yoxlamaq üçün sizə əlavə testlər də təklif oluna bilər.
Hamiləliyiniz müddətində sizə təyin olunan vaxtlarda həkimin qəbuluna getməyə daha diqqətli olmalısınız.
Sağlam hamiləlik keçirmək üçün nə edə bilərəm?
Hər yaşda uşaq sahibi olmağı planlaşdırırsınızsa, hamilə qalmadan əvvəl sağlam olduğunuza əmin olmalısınız. Bunu aşağıdakılara diqqət etməklə edə bilərsiniz:
- Bədən kütləsinin normal olması;
- Hamiləlikdən ən azı 2 ay əvvəl fol turşusu qəbul etmək;
- Müntəzəm idman etmək;
- Sağlam, balanslı qidalanmaq;
- Zərərli vərdişlərdən uzaq durmaq;
- Kofein qəbulunu gündə 200 mq-dan aşağı endirmək;
- Mövcud xəstəlikləriniz haqqında həkiminizə məlumat verin;
- Cinsi yolla keçən xəstəliklərə tutulduğunuzu düşünmək üçün hər hansı bir səbəb varsa;
- Son üç il ərzində servikal skrininq testi keçirməmisinizsə;
- Peyvəndlərinizin tamlığından əmin olun.