UŞAQLIQ BOYNU YETMƏZLİYİ

UŞAQLIQ BOYNU YETMƏZLİYİ

Uşaqlıq boynu yetməzliyi nədir?

Uşaqlıq boynu toxumasının zəif olması vaxtından əvvəl doğuşa və ya sağlam hamiləliyin itirilməsinə səbəb olduqda buna  uşaqlıq boynu yetməzliyi və ya istmiko –servikal çatışmazlıq deyilir.  

Uşaqlıq boynu uşaqlığın vaginaya açılan aşağı hissəsidir. Hamiləlikdən əvvəl adətən qapalı və bərk olur. Hamiləlik davam etdikcə və siz doğuşa hazırlaşırsınızsa, uşaqlıq boynu yavaş-yavaş dəyişikliyə məruz qalır –  yumşalır, qısalır və açılır. Əgər sizdə uşaqlıq boynu yetməzliyi varsa, o, çox tez açılmağa başlaya bilər ki, bu da vaxtından əvvəl doğuşa səbəb ola bilər.

Uşaqlıq boynu yetməzliyinin diaqnostikasında və müalicəsində  bəzən çətin bir problemə çevrilir. Əgər sizdə uşaqlıq boynu vaxtından əvvəl  açılmağa başlayıbsa və ya əvvəlki hamiləliklərdə uşaqlıq boynu çatışmazlığı olubsa, müalicəni vaxt itirmədən başlamaq lazımdır. Müalicə əsasən dərman müalicəsi və ya uşaqlıq boynunun açılmasının qarşısını almaq üçün tikişlərin qoyulmasından ibarətdir. 

Uşaqlıq boynu yetməzliyinin əlamətləri nələrdir?

Uşaqlıq boynu yetməzliyi erkən hamiləlik dövründə heç bir əlamətlə özünü biruzə vermir. Bəzi qadınlarda diaqnoz qoyulmazdan əvvəl yüngül narahatlıq hissi və ya azca qanlı ifrazat ola bilər. Çox vaxt bu, hamiləliyin 24 həftəsindən əvvəl baş verir. 

Aşağıda göstərilən hallar sizdə varsa, diqqətli olmağınız tövsiyə olunur:

  • Çanaqda təzyiq hissi;
  • Bel ağrısının əmələ gəlməsi;
  • Qarında yüngül sancılar;
  • Vaginal axıntının dəyişilməsi;
  • Yüngül vaginal qanaxma.

Uşaqlıq boynu yetməzliyinin risk amilləri hansılardır?

Bir çox qadında bilinən risk amilləri yoxdur. İstmiko- servikal çatışmazlıq üçün  risk faktorlarına aşağıdakılar daxildir:

Servikal travma. Əvvəllər  uşaqlıq boynunda icra edilən prosedur və ya cərrahi əməliyyatlar servikal yetməzliyə  səbəb ola bilər. Uşaqlıq boynu patologiyaları zamanı icra olunan prosedurlar və cərrahi əməliyyatlar, dilatasiya və küretaj əməliyyatı, nadir hallarda, əvvəlki doğuşlar zamanı serviksdə baş verən cırıqlar istmiko-servikal çatışmazlıq üçün risk faktoru ola bilər.

 Anadangəlmə qüsurları. Uşaqlığın müəyyən anadangəlmə qüsurları serviks çatışmazlığına səbəb ola bilər. Orqanizmin birləşdirici toxumalarını təşkil edən, kollagen adlanan proteinə təsir edən genetik problemlər, serviks çatışmazlığına səbəb ola bilər.

Hansı ağırlaşmalara səbəb ola bilər?

Uşaqlıq boynu yetməzliyi  hamiləliyiniz üçün riskli ola bilər. Mümkün ağırlaşmalara aşağıdakılar daxildir:

  • Vaxtından əvvəl doğuş;
  • Spontan abort (düşük). 

Uşaqlıq boynu yetməzliyinin qarşısını necə almaq olar? 

Servikal çatışmazlığın qarşısını ala bilməzsiniz. Ancaq sağlam hamiləlik keçirmək və hamiləliyi başa çatdırmaq üçün edə biləcəyiniz çox şey var. Misal üçün:

  • Müntəzəm olaraq ginekoloji müayinədən keçin. Hamiləlik zamanı mütəmadi müayinələr həkimin sizin və körpənizin sağlamlığına nəzarət etməsinə kömək edəcəkdir. Sizi narahat edən və ya  hətta  sizə əhəmiyyətsiz kimi görün hər hansı əlamət və ya problem varsa, bu haqda  həkiminizə məlumat verin.
  • Sağlam qidalanın. Hamiləlik dövründə daha çox fol turşusu (metilfolat), kalsium, dəmir və digər vacib maddələrə ehtiyacınız olacaq. Kifayət qədər sağlam qidalar qəbul etmirsinizsə, gündəlik prenatal vitamin qəbul etmək kömək edə bilər. Prenatal vitaminlər hamiləlikdən bir neçə ay əvvəl başlana və hamiləlik boyunca davam etdirilə bilər.
  • Bədən kütlənizi normada saxlayın. Hamiləlik müddətində bədən çəkisinin normal artması körpənizin sağlamlığı üçün əhəmiyyətlidir. Əgər hamiləlikdən əvvəl çəkiniz normaldırsa, hamiləliyin sonuna qədər təxminən 11-16 kq çəki artımı arzuolunandır.
  • Zərərli vərdişlərdən  çəkinin. Siqaret çəkirsinizsə, tərgitməyə çalışın. Alkohol və qeyri-qanuni narkotiklər hamiləlidə qadağandır. Hər hansı dərman və ya qida əlavələri, hətta reseptsiz olanları da qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Əgər bir hamiləliyiniz zamanı uşaqlıq boynu yetməzliyi olubsa, sonrakı hamiləliklərdə də vaxtından əvvəl doğuş və ya spontan abort riskiniz var. Yenidən hamilə qalmağı düşünürsünüzsə, riskləri və sağlam hamiləlik keçirmək üçün nə edə biləcəyinizi anlamaq üçün həkiminizlə məsləhətləşin.

Uşaqlıq boynu çatışmazlığına necə diaqnoz qoyulur?

Servikal yetməzlik yalnız hamiləlik dövründə aşkar edilə bilər. Xüsusilə ilk hamiləlik zamanı diaqnoz qoymaq çətinlik yaradır.

Həkiminiz  sizə əlamətlər və tibbi anamneziniz haqqında suallar verəcək. Əgər əvvəlki hamiləliyinizin ikinci üçaylığında düşük və ya vaxtından əvvəl doğuş olubsa, bunu həkimə çatdırmaq mütləqdir. Həmçinin uşaqlıq boynunda keçirilən hər hansı prosedurlar barədə məlumatlar da böyük əhəmiyyət kəsb edir. 

Əgər aşağıdakılardan biri varsa, həkiminiz  servikal yetməzlik diaqnozu qoya bilər:

  • Əvvəlki hamiləlik zamanı uşaqlıq boynunun ağrısız genişlənməsi və ikinci üçaylıqda  doğuşun olması; 
  • Hamiləliyin 24-cü həftəsindən əvvəl servikal genişlənmə və hamarlaşma əmələ gəlməsi. Hamarlaşma  uşaqlıq boynunun daha nazik və yumşaq olması deməkdir. Servikal genişlənmə və hamarlaşma ağrılı sancılar olmadan, həmçinin vaginal qanaxma, infeksiya və ya su qişasının yırtılması ilə (suyun açılması) də baş verə bilər.

İkinci trimestrdə uşaqlıq boynu yetməzliyi diaqnostikasında istifadə olunur:

  • Ultrasəs müayinəsi (USM). Bu müayinə zamanı vaginanın daxilinə cihazın ötürücüsü yerləşdirilir, buna transvaginal ultrasəs müayinəsi deyilir. Bu zaman transduserdən çıxan  səs dalğaları ekranda görə biləcəyiniz şəkillərə çevrilir. USM vasitəsi ilə serviksin uzunluğunu və uşaqlıq boynunda hər hansı bir dəyişikliyin olub-olmamasını yoxlamaq mümkündür.
  • Pelvik müayinə. Ginekoloji müayinə zamanı həkiminiz serviksi, amniotik kisənin açılışdan hiss oluna biləcəyini yoxlayır. Amnion kisəsi körpənin böyüdüyü yerdir. Əgər kisənin divarı servikal kanalda və ya vaginadadırsa, buna prolaps olunmuş döl qişaları deyilir və bu, uşaqlıq boynunun açılmağa başladığını bildirir. Həkiminiz həmçinin sancıların olub olmadığını yoxlaya və ehtiyac olarsa onları izləyə bilər.
  • Laborator analizlər. Əgər sizdə döl qişlarının prolapsı varsa, infeksiyanı istisna etmək üçün başqa analizlərə ehtiyac yarana bilər. Bəzi hallarda, dölyanı maye nümunəsinin götürülməsindən istifadə olunur ki, bu prosedura  amniosentez adlanır. Amniosentez amnion qişasında və mayesində infeksiya olub olmadığını yoxlamaq üçün istifadə edilə bilər.

Uşaqlıq boynu yetməzliyini  təxmin etmək üçün hamiləlikdən əvvəl edilə bilən etibarlı testlər yoxdur. Ancaq hamiləlikdən əvvəl edilən bəzi müayinələr, məsələn, ultrasəs və ya MRT, uşaqlıq boynununda dəyişikliyə səbəb ola biləcək anadangəlmə qüsurları aşkarlamağa  kömək edə bilər.

Müalicəsi necə aparılır?

Uşaqlıq boynu yetməzliyinin müalicə üsulları və prosesi idarə etmək yollarına aiddir:

  • Progesteron preparatları. Əgər erkən doğuş anamneziniz yoxdur və hazırkı hamiləlikdə uşaqlıq boynu qısadırsa, vaginal progesteron körpənizi çox erkən dünyaya gətirmə riskinizi azalda bilər. Bu dərman hər gün vaginaya yerləşdirilən  gel və ya şam şəklində olur.
  • Təkrarlanan ultrasəs müayinəsi. Əgər erkən doğuş anamneziniz və ya servikal yetməzlik riskini artıra biləcək amillər varsa, həkiminiz uşaqlıq boynu  uzunluğunu yaxından izləmək üçün hamiləliyin 16-cı həftəsindən 24-cü həftəsinə qədər hər iki həftədə bir ultrasəs müayinəsindən keçməyinizi məsləhət görəcəkdir. Əgər uşaqlıq boynunuz açılmağa başlayırsa və ya uzunluğu qısalırsa, servikal serklaja (tikişə) ehtiyacınız ola bilər. 
  • Servikal serklaj. Bu prosedur zamanı serviks sıx bağlanır. Tikişlər hamiləliyin son ayında və ya doğuşdan dərhal əvvəl çıxarılır. Əgər 24 həftədən kiçik hamiləsinizsə, erkən doğuş anamneziniz varsa və ultrasəs serviksinizin açılmağa başladığını göstərirsə, servikal serklaja ehtiyacınız ola bilər.

Bəzən uşaqlıq boynu açılmağa başlamazdan əvvəl profilaktik tədbir olaraq servikal serklaj qoyulur. Bu profilaktik servikal serklaj kimi tanınır. Əvvəlki hamiləliklərdə uşaqlıq boynu çatışmazlığı olubsa, bu üsuldan istifadə edilə bilər. Bu prosedur çox vaxt hamiləliyin 14 həftəsindən əvvəl edilir.

Servikal serklaj vaxtından əvvəl doğuş riski olan hər kəs üçün doğru seçim deyil. Məsələn, çoxdöllü hamiləlik (əkiz,üçəm və s.) zamanı prosedur tövsiyə edilmir. Servikal serklajın risklərləri və faydaları barədəsində həkiminizlə ətraflı müzakirə etməlisiniz.

  • Pessari. Pessari adlı vasitə vaginanın içərisinə yerləşdirilir və uşaqlığı yerində saxlayır. Pessari serviksə düşən təzyiqi azaltmağa kömək edə bilər. Ancaq pessarinin uşaqlıq boynu çatışmazlığının müalicə etmək üçün effektivliyini sübut edən tədqiqat işləri azdır.

Servikal yetməzlik zamanı cinsi əlaqə mümkündürmü?

Əgər sizdə uşaqlıq boynu çatışmazlığı varsa, həkiminiz cinsi həyatı məhdudlaşdırmağı və ya müəyyən digər fiziki fəaliyyətlərdən çəkinməyi təklif edə bilər. Bu məsləhət sizin vəziyyətiniz qiymətləndirildikdən sonra verilir.

Bu vəziyyətlə necə mübarizə aparmalıyam və kimdən dəstək almalıyam?

Uşaqlıq boynu çatışmazlığının olduğunu öyrənmək sizə çətin ola bilər. Bu, hamiləliyinizlə bağlı narahatlıq hissi keçirə və gələcək haqqında düşünməkdən qorxa bilərsiniz. Rahatlamağın təhlükəsiz  yollarını tapmaq üçün sizə komandamız köməklik edə bilər.

Vaxtından əvvəl doğuş olan zaman bəzən sizə elə gəlir ki, bu sizin səhviniz və ya günahınız ucbatından baş verib. Düşünürsünüz ki, bu halın meydana çıxmasına səbəb olan  bir şey etmisiniz və ya  bunun qarşısını almaq üçün daha çox şey edə bilərdiniz. Bu hisslərlə mübarizə aparırsınızsa, həyat yoldaşınız və doğmalarınız, həmçinin həkiminizlə danışın. Enerjinizi körpənizə qayğı göstərməyə və onu tanımağa yönəltməyə çalışın.

     Həkimin qəbuluna gedən zaman nələrə diqqət etməliyəm?

  • Müayinəyə gedən zaman bir doğmanız və ya dostunuz sizinlə getsin. Narahat və həyəcanlı olduğunuz üçün həkiminizin dediklərinə diqqət yetirməkdə çətinlik çəkə bilərsiniz. Sizinlə gedən yaxınınız həkimlə konsultasiya zamanı danışdıqlarınızı xatırlamağınıza kömək edəcək.
  • Həkimdən soruşmaq üçün əvvəlcədən suallar yazın. Beləliklə, soruşmaq istədiyiniz vacib bir şeyi unutmayacaqsınız. Bu, həkiminizin sizə ayırdığı vaxtı ən yaxşı şəkildə dəyərləndirməyinizə  kömək edəcək.

Hamiləlik dövründə serviks ilə bağlı problemlər barədə həkiminizə soruşacağınız əsas suallara aşağıdakılar daxildir:

  • Mənim uşaqlıq boynum açılmağa başlayıb? Əgər belədirsə, nə qədərdir?
  • Hamiləliyimi davam etdirmək üçün edə biləcəyim bir şey varmı?
  • Hamiləliyimin daha uzun sürməsinə və ya körpəyə kömək edə biləcək hər hansı bir müalicə varmı?
  • Mən yataq istirahətində olmalıyam? Əgər belədirsə, nə qədər müddətə? Mənə nələri edə və ya etməyə bilərəm ? Mən xəstəxanada olmalıyam?
  • Hansı xəbərdarlıq əlamətləri məni sizə müraciət etməyə məcbur etməlidir?
  • Hansı xəbərdarlıq əlamətləri məni xəstəxanaya getməyə məcbur etməlidir?
  • Körpəm indi doğulsa, mən nə gözləyə bilərəm?

Ağlınıza  gələn hər hansı digər sualları verməkdən çəkinməyin.

Həkiminiz sizdən nələr soruşacaq?

Çox güman ki, həkiminiz sizə bir sıra suallar verəcək, məsələn:

  • Əlamətləriniz nə vaxt başladı?
  • Hər hansı sancınız olubmu?
  • Vaginal axıntıda dəyişikliklər müşahidə etmisinizmi?
  • Daha əvvəl qeyd etmədiyiniz hamiləliklər, düşüklər və ya uşaqlıq boynu əməliyyatları keçirmisiniz?
  • Təcili vəziyyətdə xəstəxanaya çatmaq üçün nə qədər vaxt lazımdır?
  • Yaxınlıqda yataq istirahətinə ehtiyacınız olduqda sizə qayğı göstərə biləcək ailəniz və ya dostlarınız varmı?

 

Formanı doldurun

Formanı doldurun , sizinlə ən qısa zamanda əlaqə saxlayaq.

Bənzər Məqalələr