HAMİLƏLİK VƏ SÜDVERMƏ MÜDDƏTİNDƏ SAÇA QULLUQ

HAMİLƏLİK VƏ SÜDVERMƏ MÜDDƏTİNDƏ SAÇA QULLUQ VASİTƏLƏRİNİN İSTİFADƏSİ

 

 Saça qulluq vasitələrinin hansı növləri var? 

Saçların rənglənməsi, burulması (daimi), rənginin açılması və kimyəvi düzləşdirilməsi kimi  saça qulluq prosedurlarından daha çox istifadə olunur. 

 Saçları rəngləmək üçün müvəqqəti boyalar, yarı qalıcı və qalıcı boyalardan istifadə edilə bilər. Saç boyalarında istifadə olunan ümumi kimyəvi maddələr hidrogen peroksid, ammonyak və spirtlərdir.

Saçların daimi burulması və  dalğalandırılması üçün daha çox istifadə edilən kimyəvi maddələr ammonium tioqlikolat və ammonyakdır. Saçların rəngini açmaq üçün əsasən tərkibində hidrogen peroksid olan kimyəvi maddələrdən istifadə olunur. Saçları daimi düzələşdirmək məqsədi ilə ammonium tioqlikolat və ya  natrium hidroksid kimi müxtəlif kimyəvi maddələrdən istifadə edilir.

Bu kimyəvi maddələrdən hər hansı biri dərini, burnun və boğazın selikli qişasını qıcıqlandıra bilər. Preparatın kəskin qoxusunun olması, həmin maddənin toksikliyinin çox yüksək olmasının göstəricisi deyil.

Bəzi hallarda saça qulluq vasitələrinin tərkibində qurğuşun, kadmium, nikel, arsen və ya civə kimi  ağır metallar ola bilər ki, bunlar insan sağlamlığı üçün təhlükəli maddələrdir. Kosmetik və saça qulluq vasitələrinin tərkibi   Qida və Dərman İdarəsi (FDA) tərəfindən yoxlanılır. Bizim ölkəmiz bu vasitələri müxtəlif ölkələrdən idxal etdiyinə görə bəzən tərkibinə nəzarət olunmur.

Saç boyası dəridən sorulurmu?

Adi şəraitdə sağlam baş dərisi tərəfindən sorulan boyanın miqdarı azdır. Sorulan miqdar dərinin sağlamlığından, aktiv maddələrin səviyyələrindən (dozasından), məruz qalan nahiyənin ölçüsündən, dərinin məhlullarla nə qədər müddətdə təmasda olmasından və ondan nə qədər tez-tez  istifadə etdiyinizdən asılıdır. Boyanın birbaşa saçın özünə tətbiq olunduğu saçların rənginin açılması və tündləşdirilməsi, kölgə verilməsi kimi bəzi saç prosedurları zamanı kimyəvi maddə dəriyə toxunmur. İstehsalçı tərəfindən tövsiyə edildiyi kimi tətbiq olunarsa, bu məhsulların bədənə çox miqdarda sorulması ehtimalı azdır.

İstifadə olunan saça qulluq prosedurları hamilə qalmağımı çətinləşdirə bilərmi?

Bərbərlərin və kosmetoloqların reproduktiv nəticələrini öyrənən 19 tədqiqatın meta-analizi, onların hamilə qalma müddətlərinin bir qədər uzandığını müəyyən etmişdir.  Tədqiqata daxil olan bərbər və kosmetoloqların iş şəraiti, şəxsi sağlamlıq vəziyyəti və vərdişləri fərqli olmuşdur. Məsələn, iş yerlərində istifadə olunan kimyəvi maddələrin növləri, iş şəraiti, havalandırma və iş saatları fərqlənmişdir. Buna görə də, iş şəraitinin və ya digər amillərin hamilə qalmağı çətinləşdirə biləcəyini bilmək çətindir.

Saça qulluq prosedurları spontan abort (düşük) riskini artırırmı?

Spontan abort hamiləliyin ən çox rast gəlinən ağırlaşmalarından biridir və müxtəlif səbəblərdən hər bir hamiləlikdə baş verə bilər. Saç  prosedurlarının insanlarda düşük riskini artırıb-artmadığı barədə araşdırmalar aparılmayıb. Laboratoriya heyvanları üzərində aparılan tədqiqatlar insanlarda normalda istifadə ediləndən 100 dəfə yüksək dozada boyalara məruz qalan heyvanlarda düşük riskinin artmadığını göstərmişdir.

Bununla belə, qızdırıldıqda havaya formaldehid adlı kimyəvi maddəni (formalin və metilen qlikol kimi də tanınır) buraxan saç düzələşdirmə prosedurları var. Tədqiqatlar bu maddələrlə işləyən qadınlar arasında spontan abort riskinin artdığını irəli sürmüşdür.

Saça qulluq vasitələrindən istifadə dölün anadangəlmə qüsurları riskini artırırmı?

Hər bir hamiləlikdə dölün anadangəlmə qüsurunun olma ehtimalı 3-5% -dir. Aparılan tədqiqatlara əsasən, saça qulluq vasitələrindən düzgün istifadə edildikdə, onların dölün anadangəlmə qüsurları riskini  əhəmiyyətli dərəcədə artırması gözlənilmir.

 Hamiləlikdə istifadə olunan kimyəvi saça qulluq vasitələri uşağın gələcək davranışına və ya öyrənməsinə təsir edirmi?

Uşaqların davranışları və ya öyrənmələri ilə bağlı heç bir araşdırma aparılmayıb. Buna görə də, hamiləlik dövründə saça qulluq vasitələrinə  məruz qalan anaların uşaqlarında üçün uzunmüddətli problemlərin artması riskinin olub olmadığı bilinmir. Məlumatlar məhdud olsa da, bərbərlərin və mağaza satıcılarının hamiləlik nəticələrinə dair hesabatlar var və onların övladlarında patologiyaların riskinin artması bildirilməyib.

Kosmetoloq/bərbər işləyirəm. İşdə kimyəvi maddələrə məruz qalma riskini azaltmaq üçün edə biləcəyim bir şey varmı?

Bütün tədqiqatlar düzgün iş şəraitinin vacibliyini dəstəkləyir. Yaxşı havalandırılan müəssisədə işləmək, qoruyucu əlcəklər taxmaq, tez-tez fasilələr vermək, saça qulluq məhsulları ilə təhlükəsiz davranmaq və saxlamaq, iş yerində yemək və içməkdən çəkinmək kimyəvi təsirləri azalda biləcək vacib amillərdir.

Evdə saça qulluq vasitələrindən özünüz istifadə edirsinizsə, məhsulun etiketində – təlimatlarında qeyd olunan bütün təhlükəsizlik tədbirlərinə riayət etmək, yaxşı havalandırılan yerdə proseduru icra etmək və düzgün növ əlcəklər taxmaq vacibdir.

Süd vermə zamanı saça qulluq vasitələrinin istifadəsi.

Əmizdirmə müddətində saça qulluq vasitələrinin istifadəsi haqqında tədqiqat işləri yoxdur. Düzgün istifadə edildikdə, saça qulluqda tətbiq olunan kimyəvi maddələrinin böyük miqdarda ana südünə keçməsi ehtimalı azdır, çünki bu maddələrin ancaq cüzi bir hissəsi dəridən qana sorulur. Südvermə ilə bağlı bütün suallarınızı  həkiminizlə  müzakirə etməyiniz məsləhət görülür.

Kişi saça qulluq vasitələrindən istifadə edirsə, bu, yoldaşının hamilə qalmasını çətinləşdirə və ya uşaqda anadangəlmə qüsur riskini  artıra bilərmi? 

  Ataların və ya sperma donorlarının saça qulluq üçün istifadə olunan kimyəvi maddələrə məruz qalmasının hamiləlik riskini artırması bağlı heç bir məlumat yoxdur.




Formanı doldurun

Formanı doldurun , sizinlə ən qısa zamanda əlaqə saxlayaq.

Bənzər Məqalələr