ERKƏN MENOPAUZA

ERKƏN MENOPAUZA

Menopauza nədir?

Menopauza son menstruasiyaya deyilir. 12 ay ərzində aybaşı görmürsünüzsə, menopauza dövrünün başladığını düşünə  bilərsiniz. Qadınların əksəriyyətində 45-55 yaşlar arasında menopauza baş verir .

Çox erkən menopauza nədir?

Menopauza 40 yaşından əvvəl  baş verirsə, buna çox erkən menopauza deyilir.

Erkən menopauza nədir?

Erkən menopauza 40-45 yaş arasında baş verir. Qadınların 12%-ə qədərində 45 yaşından əvvəl son aybaşı baş verir. Əməliyyat və xərçəng müalicəsi nəticəsində yaranan süni menopauzanı da daxil etsək, bu faiz çox güman ki, daha yüksək olacaq.

Çox erkən və erkən menopauzanın simptomları nələrdir?

Çox erkən və erkən menopauzanın simptomları, gözlənilən yaşda baş verən menopauzanın simptomlarına bənzəyir. Menopauzanın əlamətləri estrogen səviyyələrində ani dəyişiklik səbəbiylə əməliyyatdan və ya xərçəng müalicəsindən sonra daha güclü ola bilər.

Ümumi simptomlara aşağıdakılar daxildir:

 

  • İsti basmalar;
  • Gecə tərləmələri;
  • Yuxu problemləri;
  • Əhvalın dəyişkən olması;
  • Beyinin dumanlı olması;
  • Baş ağrısı və ya miqren;
  • Süd vəzilərinin ağrılı olması;
  • Vaginada quruluq;
  • Cinsi həvəsin azalması;
  • Dəridə qaşınmalar;
  • Əzələ ağrıları;
  • Metabolizmin ləngiməsi səbəbiylə çəki artımı;
  • Yorğunluq.

ÇOX ERKƏN VƏ ERKƏN MENOPAUZANIN SƏBƏBLƏRİ

Birincili yumurtalıq çatışmazlığı 

Birincili yumurtalıq çatışmazlığı zamanı menstruasiya gözləniləndən daha erkən yaşda qəfil dayanır. Birincili yumurtalıq çatışmazlığının  60% hallarda səbəbini müəyyən etmək olmur.

Birincili yumurtalıq çatışmazlığının ilkin simptomları:

  • Qeyri-müntəzəm aybaşı tsikli;
  • Hamilə qala bilməmək;
  • Oral kontraseptiv həbləri (hormon) dayandırdıqdan sonra menstruasiyanın olmaması.

Xərçəng müalicəsi

Kimyaterapiya və radioterapiya müalicələri yumurtalıqların fəaliyyətinin dayanmasına səbəb ola bilər. Ancaq hər xərçəng müalicəsi menopauzaya gətirib çıxarmır.

Cərrahi menopauza

Uşaqlığın yumurtalıqlarla və ya yumurtalıqlar saxlanılmaqla xaric edilməsi (histerektomiya) əməliyyatı zamanı menopauza baş verir. Bu əməliyyat xərçəng, təkrarlanan uşaqlıq qanaxmaları və ya ağır endometrioz kimi digər patologiyalara görə icra edilə bilər.

Risk faktorları

Birincili yumurtalıq çatışmazlığına səbəb ola biləcək risk faktorlarına aşağıdakılar daxildir:

  • İlk menstruasiyanın 11 yaşından əvvəl başlaması;
  • Çox erkən və ya erkən menopauzaya irsi meylliyin olması; 
  • Siqaret çəkmək;
  • Epilepsiya xəstəliyi;
  • Yumurtalıqlarda  əvvəllər keçirilmiş əməliyyatlar;

Digər risk faktorları:

  • Genetik qüsurlar – Turner sindromu, Fragile X sindromu və s.;
  • Autoimmün xəstəliklər – Addison xəstəliyi, tiroid xəstəliyi, tip 1 diabet, Kron xəstəliyi, çölyak xəstəliyi və s.;
  • Metabolik pozulmalar;
  • İnfeksiya – məsələn, parotit.

Stress erkən menopauzaya səbəb ola bilərmi?

Gündəlik qayğılarınızdan, işinizdən və ya həyatınızda baş verən digər hadisələrdən yaranan stress erkən və ya vaxtından əvvəl menopauzaya girməyiniz üçün səbəb deyil. Gündəlik həyatınıza və ya xoşbəxtliyinizə mane olan stress hiss edirsinizsə, simptomlarınız barədə bu sahə ilə məşğul olan tibb mütəxəssisi ilə məsləhətləşin. Onlar stresinizi idarə etməyə kömək edəcək məsləhətlər verə bilərlər.

Birincili yumurtalıq çatışmazlığının diaqnozu necə qoyulur?

45 yaşdan kiçiksinizsə və menstruasiya qeyri- müntəzəm olursa və ya 3 aydan çox müddətə dayanıbsa, həkiminizə müraciət etməlisiniz.

Həkiminiz  tibbi və ailə anamnezinizlə bağlı suallar verməklə, sizi fiziki və ginekoloji müayinə etməklə, hamiləlik testi, hormon  analizləri və ultrasəs müayinəsi və s. üsullardan istifadə etməklə diaqnozu dəqiqləşdirməyə çalışacaq.

Çox erkən və ya erkən menopauza diaqnozu qoyulduqdan sonra nə etməlisiniz?

Erkən  menopauza sizin üçün çox qəmli ola bilər. İtirmək hissi, üzüntü və kədər  hiss etmək normaldır. Bundan əlavə, bədən quruluşunuz, reproduktiv  funksiyanız, qadınlıq xüsusiyyətləriniz və cinsi həyatınız   haqqında qarışıq hisslər də yarana bilər. Belə hallarda psixoloji konsultasiya çox önəmlidir. Diaqnozdan sonra özünüzü çox emosional, narahat və ya depressiv hiss edirsinizsə, həkiminiz sizi psixoloqa yönləndirə  bilər.

Sizə vaxtından əvvəl və ya erkən menopauzaya səbəb olan bir genetik xəstəlik diaqnozu qoyularsa, genetik məsləhətçi ilə danışmaq faydalı ola bilər. Genetik məsləhətçilər  genetika sahəsində ixtisaslı  mütəxəssislərdir. Onlar yaranmış vəziyyətə hansı gen patologiyasının səbəb olduğunu, irsi olaraq necə keçdiyini (əgər varsa) və sağlamlığınıza necə təsir edə biləcəyini başa düşməyə kömək edəcəklər.

Çox erkən və erkən menopauzanın müalicəsi necə aparılır?

Sizə çox erkən və ya erkən menopauza diaqnozu qoyularsa, ailə həkiminiz sizi endokrinoloq, ginekoloq, reproduktiv sağlamlıq mütəxəssisi, psixoloq və ya psixiatr kimi müxtəlif mütəxəssislərə yönləndirə bilər. 

Erkən menopauzası olan qadınlarda estrogen səviyyələri azalır, bu da osteoporoz və ürək xəstəliklərinin risklərini artırır.

Menopauzal hormon terapiyası (MHT) və ya oral kontraseptiv həb bu riskləri azaltmağa kömək edir və bu müalicələr gözlənilən menopauza yaşına qədər qəbul edilməlidir.

Əgər hormon terapiyası ala bilmirsinizsə (məsələn, süd vəzi xərçənginə görə) həkiminiz başqa müalicələr tövsiyə edə bilər. Onlar müalicəni simptomlarınıza, risk faktorlarınıza və ailə anamnezinə əsaslanaraq təyin edəcəklər.

Erkən menopauzanı aradan qaldırmaq mümkündürmü?

Menopauzadan sonra menstruasiyanı geri qaytara və ya yumurtalıqlarınızı yenidən normal şəkildə işlədə bilməzsiniz. Bununla belə, ginekoloqunuz menopauzanın simptomlarını və yan təsirlərini azaltmağa kömək edə bilər. Birincili yumurtalıq çatışmazlığı  vəziyyətində, yumurtalıq funksiyasını bərpa etməyin kiçik bir ehtimalı var.

Erkən menopauza diaqnozu qoyulduqdan sonra hələ də hamilə qala bilərəmmi?

Həm erkən, həm də vaxtından əvvəl menopauza hamilə qalma qabiliyyətinizə təsir edir, çünki sizdə ovulyasiya baş vermir. Ancaq ardıcıl 12 aydan az müddətdə menstruasiya görməmisinizsə, hələ də hamilə qala bilərsiniz. Bunun səbəbi, son aybaşıya qədər olan illərdə və ya birincili yumurtalıq çatışmazlığınız  varsa, ovulyasiya  şansı hələ də vardır. Hamilə qalmaq və ya uşaq sahibi olmaq sizin üçün vacibdirsə, seçimlərinizi araşdırmaq üçün bir reproduktiv sağlamlıq mütəxəssisinə müraciət edin.

Menopauzadan sonra süni mayalanma (IVF) vasitəsilə hamilə qalmaq mümkündür. Donor yumurtalarından və ya öz yumurtalarınızdan istifadə edə bilərsiniz (əgər menopauzadan əvvəl yumurtalarınızı dondurmusunuzsa). Menopauzadan sonra qalan hər hansı bir yumurta adətən canlı deyil. Surroqat analıq və övladlığa götürmə də seçimlər arasındadır.

 

Formanı doldurun

Formanı doldurun , sizinlə ən qısa zamanda əlaqə saxlayaq.

Bənzər Məqalələr