DOĞUŞ ZAMANI ARALIĞIN CIRILMASI

DOĞUŞ ZAMANI ARALIĞIN CIRILMASI

İlk dəfə vaginal doğuş edən qadınların təxminən 90%-də aralıq nahiyəsində müəyyən dərəcədə cırıq, sıyrıq və ya kəsik meydana gələ bilər. Lakin bu cırıqların əksəriyyəti yüngül olur və qısa müddətdə öz-özünə sağalır.

Aralığın cırılması nədir?  

Aralıq, vaginanın girişi ilə anus arasında yerləşən nahiyədir. Doğuş zamanı uşaq doğuş yollarından keçərkən, vagina və aralıq həddindən artıq dartıldığı üçün bu nahiyədə cırılmalar yarana bilər.

Bundan əlavə, cırılmalar təkcə aralıq nahiyəsində deyil, uşaqlıq yolunun daxilində və ya vulvanın digər hissələrində, məsələn, kiçik və böyük dodaqlarda da yarana bilər.  

Bəzi qadınlar  bu cırılmaları “doğuş travması” kimi ifadə edirlər, çünki “cırılma” termini onların yaşadıqlarını tam əks etdirmədiyini düşünürlər. Lakin burada tibbi termin olan “aralığın cırılması” ifadəsini istifadə edəcəyik.

Aralığın cırılması tez-tez rast gəlinir?  

İlk dəfə vaginal doğuş edən qadınların təxminən 90%-də aralıq nahiyəsində hər hansı bir cırılma, sıyrılma və ya epiziotomiya (doğuş zamanı həkim tərəfindən aralıqda edilən kəsik) meydana gələ bilər.  

Çox vaxt bu cırılmalar yüngül olur və sürətlə sağalır.

Aralığın cırılmasının dərəcələri hansılardır?

Birinci dərəcəli cırıqlar  kiçikdir və yalnız dəri zədələnir. Bu cırıqlar tez sağalır və adətən müalicə tələb etmir. Uzunmüddətli problemlər yaratma ehtimalı azdır, amma ağrılı ola bilər.

İkinci dərəcəli cırıqlar zamanı həm aralıq əzələləri, həm də dəri zədələnir. Çox vaxt tikişlərə ehtiyac duyulur. Uzunmüddətli problemlər yaratma ehtimalı azdır, amma ağrı çox ola bilər.

Üçüncü dərəcəli cırıqlar anusu idarə edən əzələlərə (anal sfinkter) qədər çatır.

Dördüncü dərəcəli cırıqlar zamanı anus və ya düz bağırsağın divarı zədələnir.

İlk doğan qadınların təxminən 6%-də üçüncü və ya dördüncü dərəcə cırılma ola bilər. Təkar doğanlarda isə bu tip cırılmalar yalnız 100 qadından 2-də baş verir.

Rektal fistul

Rektal fistul nadir bir zədələnmə olub  anal sfinkter cırılmadığı halda, vagina ilə düz bağırsaq arasında  keçidin (fistul) yaranmasıdır.

Bu vəziyyət qaz və nəcisin vagina vasitəsilə xaric olmasına səbəb ola bilər.

Aralığın cırılma riskini nə artırır?

Üçüncü və dördüncü dərəcəli cırıqların yaranmasının dəqiq bir səbəbi yoxdur. Lakin aşağıdakı hallarda bu cırılmaların baş verməsi daha çox ehtimal olunur:

– Bu, sizin ilk vaginal doğuşunuzdursa;

– Körpəniz 4 kq-dan  ağırdırsa;

– Doğuşun ikinci dövrü (gücvermə dövrü) uzun çəkərsə;

– Dölün  çiyni ilişərsə (bu, çiyin distosiyası adlanır);

– Asiya mənşəlisinizsə;

– Mama və ya həkiminiz körpənizi doğuzdurmaq üçün maşa və ya vakuumdan istifadə edirsə (yardımlı doğuş);

– Körpəniz arxa görkəm (dölün kürəyi sizin arxanıza doğru) və ya sağrı gəlişində doğulursa; 

– Doğuşunuz çox sürətli  olarsa.

Doğuş zamanı aralıq cırılmalarından necə qorunmaq olar? 

Aralıq cırılmalarının riskini azaltmağın bir neçə effektiv üsulu mövcuddur. Bu mövzu ilə bağlı hamiləlik boyu mama-ginekoloqunuzla məsləhətləşə bilərsiniz. Həmçinin, doğuşa hazırlıq kurslarında (antenatal dərslərdə) bu barədə daha ətraflı məlumat alaraq, düzgün texnikaları öyrənə bilərsiniz.

Hamiləliyin son həftələrində aralığın masaj edilməsi doğuş zamanı cırılma riskini azalda bilər. 

Doğuş zamanı doğuş pozisiyası (dizüstə durmaq, dörd ayaq üstə dayanmaq və ya yanı üstə uzanmaq) aralıq cırılmalarının riskini azalda və ya onların şiddətini minimuma endirə bilər. 

Cırılmanın qarşısının alınmasında akuşerin rolu  

Mama doğuş zamanı aralıq cırılmalarının qarşısını almağa kömək edə bilər. Körpənizin başı göründükdə, sizdən gücənməyi dayandırmağı və ağzınızdan qısa, sürətli nəfəs verməyinizi (üfləmə və ya pıçıltılı nəfəsalma texnikası) istəyəcək.  

Bu texnika körpənin başının yavaş və ehtiyatla çıxmasına kömək edərək, dərinin və aralığın əzələlərinin cırılmadan dartılmasına şərait yaradır.  

Bundan əlavə, mama və ya həkim körpənin başı çıxarkən aralığa isti kompres tətbiq edə bilər. Bu üsul tamamilə cırılmanın qarşısını almasa da, onun şiddətini azalda bilər. Bu barədə mama-ginekoloqunuzla məsləhətləşə bilərsiniz.

Doğuşun harada baş verməsi önəmlidirmi?  

Bəzi tədqiqatlar ev şəraitində (ölkəmizdə hələ ki, tətbiq olunmur) və ya doğum mərkəzlərində doğuş etməyin aralıq cırılmalarının riskini azalda biləcəyini göstərir. Bunun mümkün səbəblərindən biri, doğuş zamanı özünü daha rahat və gərginlikdən uzaq hiss etməyin əzələlərin daha elastik olmasına kömək etməsidir.  

Doğuşun harada baş verməsinin ən doğru seçim olduğunu müəyyənləşdirmək çətin ola bilər. Mama-ginekoloqunuz sizinlə bu mövzuda danışaraq hər bir seçimin üstünlüklərini və mümkün risklərini izah edəcək, sizə ən uyğun qərarı verməyinizə dəstək olacaq.   

Bundan əlavə, bəzi araşdırmalar suda doğuşun aralıq cırılmalarını azaltmağa kömək edə biləcəyini göstərsə də, bu təsiri tam sübut edən kifayət qədər elmi dəlil mövcud deyil.

Aralıq cırılması və epiziotomiya arasındakı fərq nədir?  

Aralıq cırılması doğuş zamanı körpə doğum kanalını genişlətdikdə özbaşına (spontan) baş verən bir prosesdir. Epiziotomiya  həkim tərəfindən aralıq və vagina divarında edilən cərrahi kəsikdir. Bu, doğuş prosesində körpənin rahat çıxmasına daha çox yer açmaq üçün həyata keçirilir.  

Əgər alətlərlə kömək edilən vaginal doğuş (vakuum və ya maşa ilə doğuş) keçirirsinizsə, epiziotomiya ehtimalı daha yüksəkdir. Bununla belə, epiziotomiya yalnız sizin razılığınız  ilə aparılır.  

Epiziotomiya bəzən daha ağır bir cırılmanın qarşısını almaq, xüsusilə də mama-ginekoloqunuz körpənin vəziyyəti ilə bağlı narahat olduqda və ya doğuşu sürətləndirmək üçün edilə bilər. Bu prosedur körpənin başı vaginal kanaldan çıxmağa  başlayanda həyata keçirilir.  

Bəzən epiziotomiya kəsiyi gözlənilmədən dərinləşərək daha böyük bir cırılmaya çevrilə bilər. Əgər epiziotomiya edilərsə, yaranın sağalması üçün tikişlər qoyulmalıdır.

Doğuş zamanı cırılmanı hiss edərəmmi? 

Doğuşun ikinci mərhələsində (gücvermə dövrü) bədəniniz gücvermə üsulunu və yerini sizə göstərəcək.  

Körpənin başı aralığa (vagina ilə anus arasındakı bölgəyə) çatdıqda, gücvermə hissi daha da güclənir və eyni zamanda bağırsaqlarınızı boşaltmaq istəyi yaranır.  

Çox vaxt orqanizm qeyri-ixtiyari  gücverməyə başlayır. Bu, refleksiv bir reaksiyadır və onu dayandırmaq demək olar ki, mümkün deyil, buna görə də bu hissə uyğunlaşmaq ən düzgün olandır.  

Körpənin başının aralığa tətbiq etdiyi təzyiq səbəbindən, cırılmanı hiss etmə ehtimalınız azdır.  

Lakin hər doğuş fərqli olduğu üçün bəzən insanlar, xüsusilə də körpənin başı cinsiyyət yarığından  çıxmağa başladıqda, çox güclü  sancı hiss edə bilərlər.  

Doğuşu idarə edən mama bu mərhələdə uşağın başının xaric olmasını  yavaşlatmaq və əzələlərin başın doğuşu zamanı tədricən dartılmasına imkan yaratmaq üçün sizə doğru yolu göstərəcək.

Aralıq cırılması olub-olmadığını necə biləcəyəm? 

Doğuşdan dərhal sonra mama-ginekoloqunuz sizi müayinə edəcək. Onlar bədən temperaturunuzu, nəbzinizi və qan təzyiqinizi yoxlayacaqlar.  

Bununla yanaşı, aralıq nahiyənizi diqqətlə müayinə edərək cırılma olub-olmadığını və tikişlərə ehtiyacınızın olub-olmadığını müəyyən edəcəklər. Bəzi hallarda, düz bağırsaqda  hər hansı bir zədə olub-olmadığını yoxlamaq üçün rektal müayinə də aparıla bilər. Bu zaman həkim steril əlcək geyinmiş barmağı ilə rektumun daxili hissəsini yoxlayaraq dərin cırılmaların olub-olmadığını müəyyən edəcək.  

Müayinəyə başlamazdan əvvəl sizə prosedurun detalları izah edilməli və razılığınız alınmalıdır. Sizə rahat bir vəziyyət almağınız üçün kömək edəcək və hər şeyin aydın görünməsi üçün düzgün mövqeyə keçməyiniz istəniləcək.  

Müayinə olunarkən körpəmi qucaqlaya bilərəmmi?  

Bəli, adətən müayinə zamanı körpənizi qucağınızda saxlaya bilərsiniz. Tibbi komandamız, ciddi bir tibbi səbəb olmadıqca, doğuşdan dərhal sonra sizin və körpənizin dəri-dəriyə təmasını təmin edəcəkdir.  

Dəri  təması dedikdə, körpənizin çılpaq dərisinin sizin dərinizə toxunması nəzərdə tutulur. İkinizin üzərinə bir yorğan örtülərək istilik qorunur. Bu təcrübəni doğuş planınıza daxil edə bilərsiniz.   

Lakin əgər doğuşdan sonra təcili tibbi müdaxilə, məsələn, qanaxmanın dərhal dayandırılması tələb olunarsa, həmin anda körpənizi qucaqlaya bilməyiniz mümkün olmaya bilər. Belə bir halda, doğuş partnyorunuz varsa, o, körpənizi qucaqlayaraq rahatlıq və istiliyi təmin edə bilər.

Əgər tikişlərə ehtiyacım olarsa, onlar dərhal qoyulacaq?  

Bəli, əgər həkiminiz sizi başqa bir yerə köçürməyin vacib olduğunu düşünmürsə (aşağıda izah edildiyi kimi), tikişlər dərhal qoyulacaq. Bu, infeksiya riskini azaltmaq və qan itkisini minimuma endirmək üçün vacibdir.

Cırılma olarsa, başqa yerə köçürülməliyəm?  

Adətən, mama-ginekoloqunuz genital nahiyəni yerindəcə qiymətləndirir və lazım gələrsə, tikişləri orada qoyur. Lakin əgər doğuşu doğum şöbəsində  etməmisinizsə, aşağıdakı hallarda ora köçürülə bilərsiniz:  

– Qiymətləndirmə zamanı daha təcrübəli bir mama-ginekoloqun dəstəyinə ehtiyac olarsa.  

– Cırılmanın bərpası daha mürəkkəb cərrahi bacarıq tələb edərsə.  

Əgər sizdə üçüncü və ya dördüncü dərəcəli cırılma və ya rektal zədələnmə (bağırsaq divarında) baş veribsə, doğuşdan dərhal sonra əməliyyatxanaya köçürüləcəksiniz və mümkün qədər tez cərrahi müdaxilə ediləcək. Bu, düzgün və effektiv bərpanın təmin olunması üçün vacibdir.

Tikişlər ağrı verəcəkmi?

Əgər cırılma sahəsi kiçikdirsə, tikiş qoyulmazdan əvvəl yerli anesteziya ediləcək  ki, həmin nahiyə keyləşsin və tikiş zamanı ağrı hiss etməyəsiniz.  

Tikiş prosesi zamanı ayaqlarınızı xüsusi dayaqlara yerləşdirmək lazım gələ bilər. Əgər hər hansı bir mərhələdə ağrıkəsicinin təsiri yetərli olmadığını hiss etsəniz, bunu dərhal  həkimə bildirməlisiniz ki, əlavə ağrıkəsici tətbiq olunsun.  

Əgər cırılma daha ciddi dərəcəlidirsə və əməliyyatxanada tikiş qoyulmalı olarsa, sizə regional anesteziya (yalnız genital nahiyəni keyləşdirən anesteziya) və ya spinal anesteziya  tətbiq edilə bilər.  

Əgər doğuş zamanı epidural anesteziya almısınızsa, prosedur üçün əlavə anesteziyaya ehtiyac qalmadan epidural doza artırıla bilər.  

Tikişlər qoyulduqdan sonra sizə  rektal şam  təklif oluna bilər. Bu, iltihabı azaltmağa və ağrını yüngülləşdirməyə kömək edəcək.  

Bundan əlavə, sizə cırılmanın dərəcəsi, sağalma müddəti və ev şəraitində özünüzə necə qulluq etməli olduğunuz barədə ətraflı məlumat verilməlidir.

Tikişlərin sağalması nə qədər çəkir? 

Hər hansı bir cırılma sonrası 2-3 həftə  ərzində ağrı və ya narahatlıq hissi normaldır. Tikişlər də narahatlıq yarada və sidiyə gedərkən yanma hissi ola bilər. Tikişlər qaşınmağa başlayarsa, bu, çox vaxt onların sağalmağa başladığını göstərir.  

 Yüngül cırıqlar doğuşdan sonra bir neçə həftə ərzində, lakin üçüncü və ya dördüncü dərəcəli cırıqlar daha uzun müddətə sağalır. Belə hallarda, infeksiyanın qarşısını almaq üçün antibiotiklər təyin olunur.  

Çox vaxt, cırıqları bərpa etmək üçün sorulan saplardan istifadə olunur, yəni tikişlər yumşalır və saplar öz-özünə tökülür. Bu halda, sapların sökülməsi üçün xəstəxanaya getməyə ehtiyac olmur.

Evdə tikişlərimə necə qulluq etməliyəm?

Yaranın təmizliyinə diqqət etmək  

Gigiyena qaydalarına riayət etmək infeksiyanın qarşısını almağa kömək edir. Tikişlərə qulluq edərkən:

– Hər gün duş qəbul edin və yalnız su ilə yaranı yuyun. Duş başlığından istifadə edərək yavaşca yarayı təmizləyin. Sabun və digər vasitələrdən istifadə məsləhət görülmür.

– Tualetə hər getdikdən sonra aralıq və ətrafını yuyun. Yaradakı nəmi qurutmaq üçün təmiz və quru bir dəsmal ilə yavaşca silin.

– Doğum sonrakı qanlı ifrazat üçün istifadə etdiyiniz bezləri  tez-tez dəyişdirməyiniz infeksiya riskini azaldacaq. 

Həmçinin, yaranın quru qalması  vacibdir, buna görə yaranın üzərini sıx şəkildə bağlamayın.

Ağrı və narahatlığı yüngülləşdirmək  

Ağrıları azaltmaq üçün:

– Parasetamol qəbul etmək, ağrıları yüngülləşdirməyə kömək edir, ibuprofen isə şişkinliyi azaldır. Hər iki dərman südvermə dövründə təhlükəsizdir, amma təlimatları oxumağı unutmayın. Aspirin qəbul etməyin, çünki bu, süd ilə körpənizə keçə bilər. Hansı dərmanı istifadə edəcəyinizdən əmin deyilsinizsə, həkiminizlə məsləhətləşin.

– Soyuq və ya isti kompreslər tətbiq etmək yaranı rahatlaşdırmaq mümkündür. Soyuq tətbiq etmək üçün  təmiz dəsmaldan istifadə edin, bu  buz yanığı olmasının qarşısını alır. Mama-ginekoloqunuz soyuducuda və ya dondurucuda saxlanmış doğum bezi istifadə etməyinizi də tövsiyə edə bilər.

– İsti vanna qəbul etmək də rahatlıq yaradır.

– Müxtəlif mövqelərdə oturmaq və durmaq faydalıdır. Ayağa qalxıb, sonra oturmaq və ya yan tərəfə uzanmaq rahatlıq verə bilər.

– Sidiyə getdikdən sonra kiçik bir qab ilə aralığa isti su tökməklə ağrıları azaltmaq mümkündür.

– Sağlam və balanslı qidalanmaq və su içmək bağırsaqlarınızın normal fəaliyyətini təmin edəcək və qəbizlik ağrısının qarşısını alacaq. Qəbizlik problemi davam edərsə,  həkiminizdən kömək istəyə bilərsiniz; onlar nəcisinizin yumşalmasına kömək edəcək dərmanlar təyin edəcəklər.

– Lokal anesteziya tərkibli kremlər və spreyler apteklərdə mövcuddur, lakin bunlar çox vaxt bahalı olur və təsirləri dəqiq sübut olunmayıb.

Yaranın sağalmasına kömək etmək

Sağalmanı sürətləndirmək üçün:

– Hava keçirən parçalardan, məsələn, pambıqdan hazırlanmış alt paltarları geyinin. Eyni zamanda, boş geyimlər də kömək edə bilər.

– Yaranı  havalandırın: Hər gün bir neçə dəqiqəlik müddətə alt paltarınızı çıxarıb, yatağınızın üzərinə bir dəsmalın üzərinə uzanın (gündə 1-2 dəfə, hər dəfə təxminən 10 dəqiqə).

– Çanaq dibi əzələləri üçün məşqlər edin. Bu, qan dövranını artırır və sağalmanı sürətləndirir. Həmçinin, bu məşqlər vagina və anus ətrafındakı əzələləri gücləndirəcək, bu da bağırsaqların fəaliyyətini yaxşılaşdırmağa kömək edəcək. Mama-ginekoloqunuz sizə bu məşqləri necə edəcəyinizi izah edə bilər.

– Siqaret çəkməyin, çünki bu, yaranın yaxşı sağalmasına mənfi təsir göstərə bilər.

– Doğumdan sonra 4-6 həftə ərzində ağır yük qaldırmaqdan və intensiv idmandan çəkinin.

– Steroid tərkibli krem, losyon və sprey istifadə etməyin, çünki bunlar sağalma prosesini ləngidə bilər.

Həkiminizə şikayətlərinizi bildirin

Əgər aşağıdakı hallardan biri ilə qarşılaşırsınızsa, mama-ginekoloqunuzla əlaqə saxlayın:

– Yaranızda ağrı yaranarsa;

– Yaranızdan  pis qoxu gələrsə;

– Yaranız sağalmırsa;

– Birinci və ya ikinci dərəcəli cırılma diaqnozu qoyulubsa, amma bağırsaqlarınızda problem yaranıbsa (məsələn, tualetə getmək və ya qaz buraxmaqda çətinlik);

– Vaginadan nəcisin gəlməsi;

– Yüksək hərarət (infeksiya əlaməti);

– Hər hansı başqa narahatlıqlarınız varsa.

 Nəcis ifrazının yaraya təsiri varmı?

Nəcis ifrazının yaraya təsiri olmamalıdır. Qəbizliyin qarşısını almaq üçün sağlam və balanslı qidalanın və gündə ən azı 2 litr su içməyə çalışın.

Əgər üçüncü və ya dördüncü dərəcəli cırığınız olubsa, laksatiflər (nəcisi yumşaltmaq üçün dərmanlar) veriləcək ki, bu da sizə çətinlik çəkmədən nəcisə getməyə  kömək edəcək. Bu dərmanlar bəzən ishala səbəb ola bilər, amma bir neçə gün sonra vəziyyət yaxşılaşmalıdır.

Nəcisə rahat getmək  üçün aşağıdakı tövsiyələr kömək edə bilər:

– Tualetdə oturarkən, ayağınızın altına dayaq qoyun, beləliklə dizləriniz çanağınızdan yüksəkdə dursun.

– Gücənmənin qarşısını almaq üçün dərin nəfəs alın.

– Tələsməyin və tualetdə bir az oturun.

– Tualetə getməli olduğunuzu hiss edəndə, təxirə salmayın.

– Çanaq dibi əzələlərinin məşqlərini tətbiq edin.

Tualet kağızından istifadə edərkən diqqət edin ki, bunu  ön hissədən arxaya doğru yumşaqca edəsiniz. Bu, yaranızı bakteriyalardan qorumağa kömək edəcək.

Aralıq cırılmalarının sidik saxlamazlığı kimi fəsadlara səbəb olma ehtimalı nə qədərdir?

Birinci və ya ikinci dərəcəli cırıqların sidik qaçırmaya səbəb olma ehtimalı çox azdır.

Doğum edən hər üç qadından biri sidik qaçırmadan (qeyri-iradi sidiyə getmə) əziyyət çəkir. Cırılma olub-olmamasından asılı olmayaraq, bu vəziyyəti yaxşılaşdırmağa kömək edə biləcək bir neçə tədbir var:

– Çanaq dibi əzələlərinin məşqlərini müntəzəm olaraq etmək;

– Siqareti tərgitmək;

– Ağır idman növlərindən (məsələn, qaçış) uzaq durmaq;

– Ağır yük qaldırmamaq (məsələn, uşaqlar və ya alış-veriş torbaları);

– Qəbizliyi dərhal aradan qaldırmaq;

– Kofein qəbulunu məhdudlaşdırmaq;

– Alkohol qəbulunu azaltmaq;

– Acı və turş qidalardan uzaq durmaq;

– Gündəlik  6-8 stəkan su içməyə diqqət etmək.

Əgər artıq çəkiniz varsa, zamanla  çəkini yavaş-yavaş azaltmaq  faydalıdır. Çünki artıq çəki çanaq dibi əzələlərini zəiflədə bilər. Bununla yanaşı, doğum sonrası bədəninizin bərpa olunması üçün vaxt lazım olduğunu unutmamalısınız.

Əgər kesar əməliyyatı və ya çətin doğuş keçirmisinizsə, bərpa müddətiniz daha uzun ola bilər. Bu zaman ağır idman növlərinə başlamaq və ya ciddi pəhrizə keçməyə tələsməyin.

Sadəcə sağlam və balanslı qidalanmaq, bol su içmək və yüngül fiziki aktivliyə (məsələn, gəzmək) diqqət edin. Təmkinli olun və bədəninizi dinləyərək hərəkət edin.

Nəcisi saxlamamaq 

Nəcisi saxlamamaq, birdən-birə nəcis ifraz etmək istəyi, nəcis qaçırmaq və ya qaz çıxarmada nəzarəti itirmək kimi əlamətlərlə özünü göstərir.

Üçüncü və ya dördüncü dərəcəli cırıqların çoxunda uzunmüddətli fəsadlar yaranmır. Bəzi insanlarda isə nəcis saxlamazlığı ilə bağlı problemlər qala bilər. Çox vaxt bu vəziyyət zamanla yaxşılaşır, amma az sayda insanda bu, davamlı bir problemə çevrilə bilər.

Bu cür narahatlıq və problemləri həkiminizlə danışmaqdan çəkinməyin. Onların köməyilə müxtəlif müalicə üsulları tətbiq oluna bilər. Bəzi hallarda əlavə yardıma ehtiyac ola bilər, məsələn, cərrahi müdaxilə və ya bağırsaq sfinkter əzələlərini gücləndirmək üçün fizioterapiya.

Cırıqlardan sonra təqib müayinəsi təyin edilməlidirmi?

Bir çox xəstəxana, üçüncü və ya dördüncü dərəcəli cırıq keçirmiş qadınlar üçün təqib müayinəsi təklif edir. Həmçinin, xüsusi qadın sağlamlığı fizioterapevti ilə də görüş təyin oluna bilər.

Doğuşdan sonra 6-8 həftə ərzində həkiminiz sizə doğuş sonrası müayinəsi təklif etməlidir ki, sağlamlığınızı yoxlasın və sağalma prosesinizi izləsin.

Həkiminiz tikişlərinizin necə sağaldığını yoxlamaq istəyirsə, bu müayinəni təklif edəcək və ya siz istəsəniz, onlara yoxlanmaq üçün müraciət edə bilərsiniz.

Tikişin açılması mümkündürmü?

Tikişin açılması nadir hallarda baş verir. Lakin bəzən infeksiya və ya altındakı qanama səbəbindən təzyiq yaranaraq tikişlərin açılmasına və açıq yaraya səbəb ola bilər. 

Yaranın açılması ağrı, yenidən qanama və ya irinli axıntıya səbəb ola bilər. Həmçinin, infeksiya varsa, özünüzü pis hiss etməyə başlaya bilərsiniz. Bəzən insanlar doğuşdan dərhal sonra tikiş materialının qopduğunu və ya yaranın açıldığını görürlər.

Tikişlərinizlə bağlı hər hansı bir narahatlığınız varsa, mütləq həkiminizə müraciət edin. Əgər tikişləriniz açılıbsa, əlavə müalicə tələb oluna bilər. 

Cinsi əlaqəyə nə vaxt başlaya bilərəm?

Fiziki olaraq, tikişləriniz sağaldıqdan və qanama dayandıqdan sonra cinsi əlaqəyə başlamağınız mümkündür. Ancaq bununla yanaşı, emosional olaraq hazır olub-olmamağınız da vacibdir.

Cinsi əlaqəyə başlamağa qərar verdiyinizdə, özünüzü rahat hiss etdiyinizdən əmin olun. Bir çox qadın, bədənin sağalma müddətində emosional və fiziki cəhətdən daha çox vaxt tələb edə bilər. Öz bədəninizə və ehtiyaclarınıza diqqət yetirmək çox önəmlidir.

Unutmayın ki, hər kəsin bərpa prosesi fərqlidir, buna görə də özünüzü rahat hiss etdiyiniz zaman cinsi əlaqəyə başlamağa qərar verə bilərsiniz. Bu mövzuda narahatlıqlarınız varsa, həkiminizlə məsləhətləşin.

Neçə vaxtdan sonra idman edə bilərəm?

Nisbətən ağır məşqlərə, məsələn qaçışa başlamaq üçün 6 həftəlik doğuş sonrası müayinənizi gözləmək yaxşıdır. Əgər doğuşunuz çətin olubsa və ya kesar əməliyyatı keçirmisinizsə, bərpa müddətiniz daha uzun ola bilər.

İntensiv idmana başlamazdan əvvəl mama-ginekoloqunuzla məsləhətləşin.

Əgər üçüncü və ya dördüncü dərəcəli cırıq yaşamısınızsa, bərpa müddətində aşağıdakıları etmək köməkçi ola bilər:

– Dincəlmə ilə yüngül gəzintilər və yüngül idmanları növbəli şəkildə edin;

– İlk 6 həftə ərzində körpənizdən ağır heç bir şey qaldırmamağa çalışın;

– Beşik, avtomobil oturacağı və digər uşaqlarınızı başqalarının qaldırmasına icazə verin;

– Çanaq dibi əzələ məşqlərini və doğuş sonrası idmanları davam etdirin.

Yavaş-yavaş hərəkət edin və bədəninizin verdiyi siqnallara diqqət yetirin. Bərpa prosesininə tələsmək lazım deyil, bu, tədricən baş verməlidir.

Növbəti  doğuş zamanı cırılma baş verərmi?

Əksər qadınlar ağır cırıqlardan sonra növbəti doğuşu da müvəffəqiyyətlə həyata keçirir və çətinlik çəkmir. Bu, həmçinin düzgün bərpa və təcrübəli bir həkim  nəzarəti ilə mümkündür.

Bəzi qadınlar isə növbəti doğuş üçün planlı kesar əməliyyatı keçirməyi düşünürlər. Əgər əvvəlki doğuşda ciddi cırıq baş veribsə, bu barədə həkiminizlə danışmaq vacibdir. Doğuşdan sonra və ya növbəti hamiləlik dövründə həkiminizlə bu məsələləri müzakirə edərək ən doğru qərarı qəbul edə bilərsiniz. Həkiminiz sizin vəziyyətinizi nəzərə alaraq ən uyğun doğum seçimini təklif edəcək.

Doğum təcrübəm mənə travma yaşatdı. Bu vəziyyətlə necə başa çıxa bilərəm?

Doğuş zamanı cırılma, xüsusilə də üçüncü və dördüncü dərəcəli cırıq halları, böyük bir psixi travma yarada bilər. Bəzən bu travma təkcə anaya deyil, doğum partnyoruna da təsir edə bilər. Travmatik doğuşdan sonra bərpa olmaq və hisslərinizi başa düşmək vacibdir.

Doğuşdan sonra travma yaşadıqda narahat edici düşüncələr və emosiyalar yaşamaq normaldır. Çox insan üçün bu düşüncələr zamanla azalır. Lakin, bəzi hallarda bu hisslər posttravmatik stress pozuntusuna (PTSP) çevrilə bilər. PTSP, çox ağır və narahat edici hadisələrdən sonra inkişaf edən bir anksiyete pozuntusudur.

PTSP-si olan insanlarda hadisənin təkrarlayan xatirələri, “flashback”-lər və özünə qarşı əsəbilik, günahkarlıq və tənhalıq hisləri yarana bilər. Bu, gələcəkdə doğuş qorxusu (tokofobiya) və hətta ümumilikdə həyat keyfiyyətinə mənfi təsir edə bilər. PTSP, doğuşdan dərhal sonra başlaya biləcəyi kimi, aylar və ya illər sonra da ortaya çıxa bilər.

Əgər doğuşdan sonra 4 həftə keçdikdən sonra hələ də qarışıq hisslər yaşayırsınız və ya gündəlik həyatınızı təsir edən emosional problemlərlə qarşılaşırsınızsa, mütləq mütəxəssislə əlaqə yaradın. Həkiminiz  bu vəziyyətlə bağlı doğru dəstəyi almanıza kömək edəcəkdir.

Yaxşı xəbər odur ki, PTSP müalicə edilə bilər. Hisslərinizlə üzləşməyə kömək edəcək mütəxəssislərlə danışıqlara başlamaq vacibdir. 

 

Formanı doldurun

Formanı doldurun , sizinlə ən qısa zamanda əlaqə saxlayaq.

Bənzər Məqalələr