DAHA TƏHLÜKƏSİZ BİR HAMİLƏLİK ÜÇÜN EDİLƏCƏK VƏ EDİLMƏYƏCƏK ŞEYLƏR

DAHA TƏHLÜKƏSİZ BİR HAMİLƏLİK ÜÇÜN EDİLƏCƏK VƏ EDİLMƏYƏCƏK ŞEYLƏR

HAMİLƏLİK ZAMANI EDİLƏCƏK ŞEYLƏR

Fol turşusu və D vitamini əlavələri qəbul edin. 

Fol turşusu körpənizin spina bifida kimi sinir borusu qüsurları riskini əhəmiyyətli dərəcədə azaldır.

Əgər hamiləsinizsə, birinci trimesterin sonuna qədər (hamiləliyin 12-ci həftəsi) mümkün qədər tez  400 mkq fol turşusu qəbul etməyə başlayın.

Bəzi insanların, məsələn, şəkərli diabet və ya epilepsiya xəstəliyi olanların, daha yüksək dozada fol turşusuna ehtiyac ola bilər. Bu yalnız reseptlə mümkündür.

Hamiləlik və süd vermə zamanı həmçinin, D vitamini qəbul etməyiniz tövsiyə olunur. Bu, körpənizin sümükləri, dişləri və əzələlərinin normal inkişaf etməsinə kömək edir.

Bu iki qida əlavəsi, sağlam, balanslı qidalanma ilə birlikdə hamiləlikdə sizə lazım olan əsas vitaminlərdir.

Sağlam qidalanın.

Hamiləlik dövründə meyvə, tərəvəz, ət, pendir, kartof, lobya və paxlalılar kimi çeşidli qidalarla zəngin balanslaşdırılmış və sağlam qidalanma vacibdir. Bu, hamiləlik zamanı sizin və körpənizin ehtiyac duyduğu enerji və qida maddələrini  təmin edəcək.

Hamiləlik dövründə sağlam qidalanmaya  riayət etməkdə çətinlik çəkdiyinizi hiss edirsinizsə, dəstək üçün həkiminizə müraciət edin. Onlar kömək üçün sizi dietoloqa yönləndirə bilərlər.

Aktiv olun.

Hamiləlik dövründə aktiv həyat tərzi keçirmək sizin və körpəniz üçün çox faydalıdır. Bu, daha yaxşı yatmağınıza, narahatlığınızın azalmasına və hamiləlik boyunca sağlam qalmağınıza kömək edə bilər.

Əgər hamiləlikdən əvvəl aktiv idinizsə, eyni səviyyədə davam edə bilərsiniz. Ancaq bədəninizə qulaq asın və özünüzü narahat hiss etməyə başlasanız, yavaşlayın. Hamiləlikdən əvvəl çox məşq etməmisinizsə, aktivliyi tədricən artıra və  hər gün 30 dəqiqə olmaqla məşq edə bilərsiniz.

Məşqlərin  çətin olması vacib deyil. Hətta yüngül gəzintilər də yaxşıdır.

Körpənizin hərəkətlərini izləyin.

Körpənin hərəkət etdiyini hiss etmək onun vəziyyətinin yaxşı olduğuna işarədir. Siz adətən 18-24 həftələr arasında körpənizin hərəkətini hiss etməyə başlayırsınız. Bu, ilk körpənizdirsə, 20 həftəyə qədər hərəkətləri hiss etməyə bilərsiniz.

Hərəkətlər yüngül fırlanma və ya çırpınma kimi hiss edilə bilər. Hamiləliyiniz irəlilədikcə, təpiklər və daha kəskin hərəkətlər hiss edə bilərsiniz.

Körpənizin hərəkətlərinə diqqətlə fikir verin və onların yavaşladığını, dayandığını və ya dəyişdiyini düşünürsünüzsə, dərhal həkiminizlə əlaqə saxlayın. Körpənin doğuşa qədər və doğuş zamanı da hərəkət etdiyini hiss etməlisiniz.

Üçüncü trimesterdə yan üstə yatın.

Məsləhətimiz üçüncü trimesterdə yan üstə yatmağınızdır, çünki araşdırmalar bunun körpəniz üçün daha təhlükəsiz olduğunu göstərmişdir.  Buraya gecə yuxusu və gündüz yuxusu daxildir. Əgər arxa üstə oyanırsınızsa, narahat olmayın, sadəcə yanı üstə çevrilib yatmağa davam edin.

Psixi sağlamlığınızın qayğısına qalın.

Hamiləlik zamanı fiziki sağlamlığınız qədər psixi sağlamlığınız da vacibdir. Hamiləlik zamanı emosional olaraq ləbil olursunuz və zaman zaman əhval dəyişikliyinin olması və ya depressiv hiss etmək normaldır. Bununla belə, bu hisslər idarəolunmaz olarsa və ya bir neçə həftədən çox davam edərsə, kömək istəməyiniz vacibdir.

Bu duyğulara görə mühakimə olunmayacaqsınız. Hər 5 qadından 1-də hamiləlik dövründə və doğuşdan bir il sonra psixi sağlamlıq problemləri yaranır. Komandamız hamiləlik, doğuş və doğuşdan sonrakı müddətdə fiziki və psixi sağlamlığınız üçün sizə dəstək verməyə hər zaman hazırdır.

Əlamətlərə fikir verin.

Həmişə diqqət edib həkimə vaxtında müraciət etməli olduğunuz bəzi simptomlar var, çünki onlar körpənin təhlükədə olduğunu göstərən əlamətlər ola bilər. Bura daxildir:

Vaginal qanaxma;

Sidiyə getmənin ağrılı olması;

Qarında ani, kəskin və ya uzunmüddətli ağrı və ya sancılar;

Davamlı və ya şiddətli baş ağrısı;

Üzdə, əllərdə və ya ayaqlarda şişkinlik;

Bulanıq görmə, gözlərin qarşısında nöqtələr;

Qaşınma, xüsusilə əllərdə və ya ayaqlarda;

Körpənin hərəkətləri yavaşlamasıvə ya dəyişməsi;

Həddindən artıq və ya iyli vaginal axıntı və ya dölyanı mayenin axmasına şübhə.

Sizin və ya körpənizin vəziyyəti ilə bağlı şübhəli bir əlamətin olduğunu hiss edirsinizsə, bunun nə olduğunu dəqiq bilməsəniz belə, həkiminizlə əlaqə saxlamalısınız.. Hamiləlikdə instinktlərinizə etibar etmək vacibdir.

Bütün vizitlərinizə vaxtında gedin.

Hamiləlik müddətində tibb müəssisəsinə təyin olunmuş vizitlər sağlamlığınızı, körpənin sağlamlığını və inkişafını nəzarətdə saxlamaq üçün vacibdir. Bəzi hamiləlik fəsadları var ki, heç bir əlaməti yoxdur və yalnız müayinə zamanı həkim tərəfindən aşkarlanır.

HAMİLƏLİK DÖVRÜNDƏ UZAQ DURULMALI  ŞEYLƏR

“İki nəfərin yerinə” yemək yeməyin.

Körpəniz böyüdükcə ehtiyac duyduğu hər şeyi sizdən alacaq, ona görə də birinci və ya ikinci trimesterdə əlavə kaloriyə ehtiyac yoxdur. Üçüncü trimesterdə aktivsinizsə, əlavə 200 kaloriyə ehtiyacınız ola bilər. Bu, təxminən yarım sendviçə bərabərdir.

Hamiləlik zamanı pəhriz saxlamayın.

Arıqlamaq üçün bəzi qidaları  kəsmək körpənizin böyüməsi üçün lazım olan mikroelementləri almasını dayandıra bilər. Yeməyinizi  məhdudlaşdırmaq əvəzinə, ediləcək ən yaxşı şey, əsas qida qruplarından olan müxtəlif qidalardan ibarət sağlam, balanslı bir qidalanma yolu ilə çəkini idarə etməkdir.

Müəyyən qidaları yeməyin.

Bəzi qidalar hamiləlik dövründə toksoplazmoz və ya listerioz kimi  infeksiya riski daşıyır. Bu infeksiyalar nadirdir, lakin inkişaf etməkdə olan körpəniz üçün problemlər yarada bilər.

Kofeinin dozasını aşmayın.

Yüksək səviyyədə kofein qəbulu hamiləliyin ağırlaşmalarına səbəb ola bilər, buna görə də kofein qəbulunu mümkün qədər məhdudlaşdırmaq daha yaxşıdır.

Ədəbiyyat məlumatlarına görə, kofein gündə 200 mq-dan az qəbul edilməlidir. Bu təxminən 2 fincan hazır qəhvədir.

Siqaret çəkməyin.

Əgər siqaret çəkirsinizsə, siqareti tərgitmək sizin və körpəniz üçün edə biləcəyiniz ən yaxşı şeylərdən biridir.

Hamiləlik dövründə siqaret çəkmək hamiləlikdə ciddi fəsadlar, o cümlədən düşük, ölü döl və vaxtından əvvəl doğuş riskini artırır.

Siqareti tərgitmək çətin ola bilər, amma dayandırmaq üçün heç vaxt gec deyil və həkim sizi mühakimə etmək üçün yox, kömək və dəstək olmaq üçün sizin yanınızda olmalıdır.

Spirtli içkilər içməyin.

Hamiləlikdə içmək uşağa uzun müddətli zərər verə bilər. Nə qədər çox içsəniz, risk bir o qədər çox olar. Hamiləlik dövründə spirt qəbulu üçün məlum təhlükəsiz səviyyə yoxdur, buna görə də hamiləlik dövründə ondan tamamilə çəkinmək daha yaxşıdır.

Narkotik tərkibli dərmanlar qəbul etməyin.

Kokain, meta-amfetaminlər, marixuana, psixoaktiv maddələr sağlamlıq problemləri riskini artıra bilər.

Əgər qeyri-qanuni dərman qəbul edirsinizsə, mama və ya həkiminizlə danışmaq vacibdir. Onlar sizi mühakimə etməyəcək və hamiləliyiniz zamanı sizə lazımi qayğı və dəstək göstərəcəklər. Siz onlara nə qədər çox məlumat versəniz, bir o qədər  sizin və körpənizin düzgün müalicə alması üçün kömək edə bilərlər.

Formanı doldurun

Formanı doldurun , sizinlə ən qısa zamanda əlaqə saxlayaq.

Bənzər Məqalələr