ANEMİYA VƏ HAMİLƏLİK
Hamiləlikdə anemiya tez-tez baş verə bilər. Anemiyanın nədən qaynaqlandığını və sağlam, balanslı qidalanaraq ondan necə qoruna biləcəyinizi öyrənin.
Anemiya nədir?
Anemiya, bədənin kifayət qədər sağlam qırmızı qan hüceyrələrinə sahib olmaması nəticəsində yaranan bir qan vəziyyətidir. Qırmızı qan hüceyrələrinin tərkibində bədənin və körpənin oksigenlə təmin edilməsini təmin edən hemoglobin adlı bir protein vardır.
Hamiləlikdə anemiyanın əlamətləri və göstəriciləri
Anemiyanın simptomlarını bilmək, hamiləlikdə faydalıdır. Rutin antenatal görüşlərdə anemiyaya qarşı yoxlanılacaqsınız, amma aşağıdakı əlamətləri hiss edirsinizsə, həkiminizlə əlaqə saxlayın:
– Yorğunluq və enerji çatışmazlığı;
– Təngənəfəslik;
– Ürəkdöyünmə;
– Solğun dəri.
Hamiləlikdə ən çox rast gəlinən anemiya növü dəmir çatışmazlığı anemiyasıdır və hər 10 hamilədən ən azı 4-də rast gəlinir.
Dəmir çatışmazlığı anemiyasına nə səbəb olur?
Dəmir çatışmazlığı anemiyası hamiləlikdə tez-tez rast gəlinir, çünki bu dövrdə bədəndə qanın miqdarı artır, lakin qırmızı qan hüceyrələrinin miqdarı eyni qalır. Eyni zamanda, yediyiniz qidalardan kifayət qədər dəmir əldə etmək də çətinləşir.
Hamiləlik dövründə dəmir çatışmazlığı anemiyasının inkişaf riski aşağıdakı hallarda daha yüksəkdir:
– Vegetarian və ya vegansınızsa,
– Əvvəllər anemiya keçirmişsinizsə,
– Birdən çox körpə daşıyırsınızsa,
– Hamiləlik zamanı yaşınız 20-dən azdırsa,
– 3 və ya daha çox uşağınız varsa,
– Son bir il ərzində uşaq sahibi olub yenidən hamilə qalmışsınızsa.
Antenatal müayinəniz zamanı mama-ginekoloq sizdən sağlamlığınız, tibbi anamneziniz, mövcud tibbi patologiyalarınız və həyat tərziniz haqqında suallar soruşacaq. Bu, hamiləliyiniz zamanı dəmir çatışmazlığı anemiyası riskinizi anlamağa kömək edəcək.
Hamiləlik dövründə anemiya üçün yoxlanılacağam?
Bəli, antenatal görüşlərdə həkiminiz anemiyanı yoxlamaq üçün qan analizi təklif edəcək. Bu, körpənizə təsir edə biləcək patologiyaları aşkar etmək məqsədini güdür.
Əgər birdən çox körpə daşıyırsınızsa, 20-24 həftələrdə sizə əlavə qan analizi ediləcək.
Anemiya əlamətlərini hiss edirsinizsə, istənilən vaxt ginekoloqunuzla əlaqə saxlayın. Həkiminiz hamiləliyin hər hansı bir mərhələsində sizi anemiya üçün test edə bilər; antenatal görüşləri və ya adi testləri gözləməyə ehtiyac yoxdur.
Dəmir çatışmazlığı anemiyası mənə və ya körpəmə zərər verəcəkmi?
Dəmir çatışmazlığı anemiyası olan hamilə qadınların əksəriyyəti sağlam hamiləlik keçirir və sağlam körpə sahibi olur. Lakin, anemiya müalicə olunmadığı halda, doğuşdan əvvəl və sonra bəzi ağırlaşmalarla səbəb ola bilər. Bu ağırlaşmalara aşağıdakılar daxildir:
– Dölün çəkisinin az olması;
– Vaxtından əvvəl doğuş;
– Ölü döl;
– Doğuş zamanı qanköçürmə ehtiyacı riski;
– Ana südü sintezinin azalması;
– Körpənin ilk 3 ayında dəmir çatışmazlığı;
– Doğuşdan sonra yorğunluq;
– Postnatal (doğuşdan sonra) depressiya;
Hamiləlikdə anemiya riskini azaltmaq üçün aşağıdakıları etmək faydalıdır:
– Bütün antenatal görüşlərə getmək;
– Sizə təklif olunan qan analizlərini etdirmək;
– Narahatlıq doğuran simptomları həkiminizə bildirmək;
– Sağlam və balanslı qidalanma;
– Həkiminizin tövsiyələrinə riayət etmək.
Dəmir çatışmazlığı anemiyası necə müalicə olunur?
Əgər anemiyanız varsa, həkiminiz dəmir tabletləri (və ya maye variantını) təyin edə bilər. Müalicə prosesi aşağıdakı kimi aparılır:
– Dəmir tabletləri: Tabletləri acqarına, ideal olaraq yeməkdən 1 saat əvvəl qəbul edin. Vitamin C (məsələn, portağal suyu) dəmirin mənimsənilməsinə kömək edir, buna görə də tabletləri bu cür içkilərlə qəbul etməyə çalışın. Bəzi dəmir əlavələrinin tərkibinə vitamin C istehsalçı tərəfindən əlavə olunur.
– Digər dərmanlar: Hər hansı digər multivitaminlər və antasid kimi dərmanları ayrı bir zamanda qəbul edin.
Dəmir preparatlarının əlavə təsiri olaraq bəzi insanlarda mədə ağrısı, ürəkbulanma, qəbizlik və tünd-qara nəcis yaranır. Bu, normaldır, lakin narahatsınızsa, həkiminizlə danışın. Yan təsirlər zamanla düzəlməlidir.
Analiz nəticələrinə əsasən həkiminiz əlavələri iki gündən bir qəbul etməyi və ya daha aşağı dozaya keçməyi tövsiyə edə bilər.
Əgər hemoglobin səviyyələriniz müalicə ilə yüksəlməzsə və ya yan təsirlərə dözə bilməsəniz həkiminiz sizi hematoloqa yönləndirə bilər.
Əgər dəmir əlavələrinin təsiri yoxdur, əlavə təsirlri dözülməzdir və ya sürətli müalicəyə ehtiyacınız varsa, dəmirin vena daxili damara vurulması təklif oluna bilər.
Doğuşdan əvvəl ciddi qanazlığınız varsa, doğuş zamanı qanaxma riskini azaltmaq üçün qanköçürmə təklif oluna bilər.
Hansı qidalar dəmirlə zəngindir?
Dəmir ehtiyacınızı qarşılamaq üçün sağlam və balanslı qidalanma vacibdir. Hamiləlikdə artan dəmir ehtiyacını qarşılayan qidalar bunlardır:
– Qırmızı ət: Mal, quzu əti (yaxşı bişirilmiş);
– Balıq: Təzə, konservləşdirilmiş sardina, ton balığı (həftədə 4 orta ölçülü qutudan çox olmamalıdır);
– Quş əti: Toyuq, hinduşka
– Paxlalılar: Lobya, noxud, mərcimək
– Tünd yaşıl yarpaqlı tərəvəzlər: İspanaq, kələm, brokoli
– Quru meyvələr: Ərik
– Zənginləşdirilmiş taxıllar: Səhər yeməyi üçün
– Qoz-fındıq və tumlar (günəbaxan tumu və s.)
Bu qidalar anemiyanın qarşısını almağa və ya simptomları idarə etməyə kömək edə bilər.
Hansı qidalar və içkilər dəmirlə sorulmasına kömək edir?
Dəmirin orqanizm tərəfindən mənimsənilməsinə kömək edən C vitamini tərkibli meyvə və tərəvəzlər bunlardır:
– Kivi,
– Portağal və portağal suyu,
– Kartof,
– Gül kələmi,
– Brokoli,
– Brüssel kələmi,
– Cəfəri.
Çay və Qəhvə: Yemək zamanı çay və qəhvə içməkdən çəkinmək yaxşıdır. Bu içkilər tanninlər adlanan birləşmələr ehtiva edir ki, bunlar dəmirin udulmasını azaldır.
Hamiləlik dövründə kafein qəbulunu mümkün qədər azaltmaq da müsbət təsir göstərə bilər, çünki yüksək kofein səviyyəsi fəsadlara səbəb ola bilər. Gündəlik kofein qəbulunuzu izləmək üçün kalkulyatorlardan istifadə edə bilərsiniz.
B12 vitamini və folat çatışmazlığı anemiyası
Hamiləlikdə B12 vitamini və folat çatışmazlığı anemiyası daha az rast gəlinir, lakin bu vitaminlər sinir sisteminin sağlamlığını qorumaq və körpəni spina bifida kimi sinir borusu ilə bağlı problemlərdən müdafiə etmək üçün əhəmiyyətlidir.
Kifayət qədər B12 vitamini və ya folat (B9) olmadıqda, bədən anormal böyük qırmızı qan hüceyrələri sintez edir, bu da anemiyaya səbəb ola bilər.
Antenatal qulluğun bir hissəsi kimi, bu növ anemiyaya görə test edilməyəcəksiniz; yalnız dəmir səviyyələriniz aşağıdırsa və ya B12 və ya folat çatışmazlığı anemiyasını göstərən əlamətlər varsa, test ediləcəksiniz.
Vitamin B12 anemiyasının əlamətləri və simptomları
Vitamin B12 anemiyasının simptomları, dəmir çatışmazlığı anemiyasında olduğu kimi yorğunluq və solğun dəri ilə yanaşı:
– Dərinin açıq sarı rəngdə olması;
– Dilin qırmızı və yara olması (qlossit);
– Ağızda yaralar;
– İynə batma hissi (paresteziya);
– Yeriş və hərəkət tərzində dəyişikliklər;
– Görmənin pozulması;
– Qıcıqlanma;
– Depressiya;
– Düşüncə, hiss və davranışda dəyişikliklər;
– Yaddaş, anlama və mühakimə ilə bağlı problemlər.
B12 vitamini çatışmazlığı varsa, anemiya inkişaf etməmiş olsa belə, bu simptomların bəzilərini müşahidə etmək mümkündür.
Fol çatışmazlığı anemiyası
Fol çatışmazlığı anemiyası, dəmir çatışmazlığı anemiyasının simptomlarına əlavə olaraq aşağıdakı əlamətləri də özündə birləşdirə bilər:
– Dad hissinin azalması;
– İshal;
– Ayaqlarda və əllərdə uyuşma və qarışqa gəzmə hissi;
– Əzələ zəifliyi;
– Depressiya;
B12 vitamini və ya fol çatışmazlığı anemiyası əlamətlərini hiss edirsinizsə, həkiminizə müraciət etmək vacibdir. Həkiminiz qan analizi ilə diaqnoz qoya bilər və çatışmayan vitaminləri əvəz etmək üçün əlavələr və ya inyeksiyalarla müalicə edə bilər.
B12 vitamini mənbələri
B12 vitamini ilə zəngin qidalar:
– Ət,
– Qızılbalıq, somon və cod kimi balıqlar,
– Yumurta,
– Süd və süd məhsulları,
– Maya ekstraktı,
– Zənginləşdirilmiş səhər yeməyi taxılları,
– Soya məhsulları.
Qida ilə əlaqəli infeksiyaların, məsələn, listeriyanın qarşısını almaq üçün ətin yaxşı bişirildiyinə və süd məhsullarının pasterizə edildiyinə əmin olun. Hamiləlikdə uzaq durulması lazım olan qidalar haqqında daha çox məlumat əldə etmək üçün “Daha təhlükəsiz bir hamiləlik üçün ediləcək və edilməyəcək şeylər” məqaləmizi oxuya bilərsiniz.
Hamiləlikdə fol turşusu
Hamiləlik dövründə fol turşusu qəbul etməyin əhəmiyyəti həqiqətən böyükdür. Fol turşusu, körpənin sinir borusunun düzgün inkişafını təmin edir və bu səbəbdən hamiləlikdən əvvəlki dövrdə və hamiləlik zamanı qəbul olunması tövsiyə edilir.
Fol turşusunun ən azı hamiləliyin 12 həftəsinə qədər qəbul edilməsi, onurğa sütunu və beyinin inkişafına kömək edir. Hamilə qalmazdan 2 ay əvvəl fol turşusu qəbul etməyə başlamaq, bədənin fol turşusunu yığması üçün yaxşı bir fürsətdir.
Bəzi qadınlar, xüsusilə əvvəlki hamiləliklərində sinir borusu qüsurları yaşayanlar, daha yüksək dozada fol turşusu qəbul etməli ola bilərlər. Hamiləlik dövründə fol turşusu və D vitamini əlavələrinin qəbul edilməsi tövsiyə olunur, digər vitamin və minerallar həkiminizin təyinatı olduğu təqdirdə istifadə edilir.
Doğuşdan sonra
Körpəni dünyaya gətirdikdən sonra anemiyanın müalicəsini həkimlə müzakirə etmək vacibdir. Həkiminiz vəziyyətinizə uyğun müalicə planı təklif edə bilər. Bu plan aşağıdakıları əhatə edəcək:
Dəmir əlavələri – Dəmir çatışmazlığından yaranan anemiya üçün həkiminiz dəmir əlavələri tövsiyə edə bilər.
B12 vitamini və folat əlavələri – Bu vitaminlərin çatışmazlığı da anemiyaya səbəb ola bilər.
Qan köçürmə – Qırmızı qan hüceyrələrinin çox aşağı olduğu hallarda qan köçürmə tövsiyə oluna bilər.
Anemiya və əmizdirmə
Anemiya olan analar körpələrini təhlükəsiz şəkildə əmizdirə bilərlər. Qida əlavələrini tövsiyə olunan və ya həkiminiz tərəfindən təyin edilmiş dozada qəbul etdiyiniz müddətcə, bunlar süd verməyə təsir etmir. Həkiminizlə bu məsələni müzakirə etmək önəmlidir.
Anemiya, süd sintezinə təsir göstərə bilər və bu da bəzi qadınlarda südün azalmasına gətirib çıxarır. Əgər körpənizi əmizdirmək istəyirsinizsə, mama və ya süd vermə mütəxəssisi sizə dəstək və məsləhət verə bilər. Həmçinin, digər təcrübəli analar bu işdə sizə bəzi tövsiyələr verə bilərlər.