4 HƏFTƏ HAMİLƏLİK
Xoş xəbər münasibəti ilə sizi təbrik edirik!
Hamiləlik, körpənizə hamilə qaldığınız gündən deyil, son aybaşı tarxinin ilk günündən hesablanır. Bunun səbəbi, hamilə qaldığınız dəqiq tarixdən əmin olmağın həmişə asan olmamasıdır.
Məsələn, mayalanmış yumurta hüceyrə uşaqlığınıza cəmi 2 həftə əvvəl implantasiya etmiş ola bilər, lakin son aybaşının ilk günü 4 həftə əvvəl olubsa, bu, rəsmi olaraq dörd həftəlik hamilə olduğunuz mənasına gəlir.
Hamiləlik adətən son menstruasiyanın ilk günündən 37 – 42 həftəyə qədər davam edir.
Bu həftə körpənizin inkişafı
İçinizdəki kiçik insan küncüt toxumu boydadır. Onlar təxminən 2 mm ölçüsündə kiçik bir nöqtədir.
Körpənin ölçüsü kiçik olsa da, orqanizmdə böyük dəyişikliklər baş verir. Mayalanmış yumurta uşaqlığın bir kənarında yerləşir. O, gələcəkdə körpənizin müxtəlif orqanlarına çevriləcək hüceyrə təbəqələrinə bölünür.
4-cü həftədə hamiləliyin əlamətləri
Əgər müntəzəm menstrual tsikliniz varsa, hamiləliyin ən erkən və ən etibarlı əlaməti menstruasiya gecikməsidir.
Qanama və ya ləkələnmə
Çox yüngül qanaxma və ya ləkələr görə bilərsiniz. Bu implantasiya qanaxması kimi tanınır. Bu, embrionun uşaqlığın divarına bitişməsi nəticəsində baş verə bilər. Bu adətən menstruasiya zamanı baş verir.
Hamiləliyin hər hansı dövründə qanaxma görsəniz, həkiminiz tərəfindən yoxlanmanız vacibdir. Hamiləlikdə qanaxma həmişə ciddi bir problemin əlaməti deyil, lakin müayinə lazımdır.
Bu ilk həftələrdə menstruasiya ağrısı kimi sancılarınız da ola bilər.
Süd vəzilərinin ağrılı olması
Hamiləlik hormonları süd vəzilərini böyüdə və aybaşıdan öncəki dövrdə olduğu kimi həssas, ağırlaşmış və ağrılı hiss etdirə bilər.
Süd vəzisi haqqında məlumatlı olmaq
Süd vəziləri hamiləlik zamanı və doğuşdan sonra çox dəyişir, ona görə də onları mütəmadi olaraq yoxlamaq və qeyri-adi dəyişikliklərdən xəbərdar olmaq vacibdir. Süd vəzilərində olan dəyişikliklər haqqında məlumatlı olmaq vacibdir, çünki bəzi dəyişikliklər süd vəzi xərçənginin əlaməti ola bilər.
Digər erkən hamiləlik əlamətləri
Yorğunluq, tez-tez ağlamaq ehtiyacı və əhval dəyişikliyi kimi erkən hamiləlik əlamətləri haqqında ”Hamiləliyin ilk göstəriciləri və əlamətləri” məqaləsində oxuya bilərsiniz.
4-CÜ HƏFTƏDƏ NƏ ETMƏLİSİNİZ
Hamilə olduğunuzu qadın məsləhətxanasına və ya həkimizə bildirin
Hamilə olduğunuzu öyrənən kimi qadın məsləhətxanasına ya özünüz getməklə və ya zəng etməklə xəbər verə bilərsiniz.
Dərmanlarınız haqqında həkiminizə məlumat verin
Qəbul etdiyiniz hər hansı bir dərman haqqında həkiminizə və ya digər ixitasas mütəxəssisinizə məlumat verməyiniz çox vacibdir. Onlar sizin və körpəniz üçün ən təhlükəsiz dərmanı qəbul etdiyinizə əmin olmalıdırlar. Həkiminiz və ya digır ixtisas həkiminizlə danışmadan əvvəl qəbul etdiyiniz heç bir dərmanı qəbul etməyi dayandırmayın.
Ginekoloq ilə ilk görüşünüz adətən təxminən 8 həftəlik hamilə olduğunuz zaman baş verir. Bu arada, “Daha təhlükəsiz bir hamiləlik üçün ediləcək və edilməyəcək şeylər” məqaləsini oxumaq sizə faydalı olacaq.
Hamiləlik dövründə siqaret çəkməyi və spirtli içki qəbul etməyi və ya narkotik qəbul etməyi dayandırmağa çalışın
Siqaret çəkmək hamiləlik və doğuş zamanı ciddi fəsadlara səbəb ola bilər. Siqareti tərgitmək, körpəniz üçün edə biləcəyiniz ən yaxşı şeylərdən biridir. Partnyorunuz siqaret çəkirsə, onun da tərgitməsi daha faydalı olacaqdır.
Siqareti tərgitmək çətin ola bilər, lakin heç vaxt gec deyil.
Spirtli içkilər də xüsusilə ilk 3 ay ərzində ciddi fəsadlara səbəb ola bilər. Hamiləlik dövründə spirt içmək üçün məlum təhlükəsiz səviyyə yoxdur, buna görə də ondan çəkinmək tövsiyə olunur.
Hamiləlik dövründə narkotik tərkibli qeyri-qanuni dərmanların və ya küçə narkotiklərindən istifadə doğmamış körpənizə ciddi təsir göstərə bilər. Onları tibbi məsləhət almadan birdən dayandırmaq da təhlükəli ola bilər . Bunun səbəbi kəsmə effekti və ya digər yan təsirlər ola bilər. Bu barədə həkiminizə müraciət etməkdən çəkinməyin.
Hamilə olduğunuzu bilməzdən əvvəl bunlardan hər hansı birini edirdinizsə, özünüzə qarşı çox sərt olmamağa çalışın. Körpənizlə bağlı hər hansı bir narahatlığınız varsa, həkiminizlə məsləhətləşin.
Cinsi yolla ötürülən infeksiyalar
Xlamidiya, qonoreya və genital herpes kimi cinsi yolla ötürülən infeksiyalar hamiləlik zamanı və doğuşdan sonra körpənizin sağlamlığına təsir göstərə bilər.
Bəzi cinsi yolla ötürülən infeksiyaların heç bir əlaməti yoxdur, ona görə də sizdə olub-olmadığını bilmirsiniz və sizə rutin antenatal müayinə zamanı bu infeksiyalar üçün analiz təklif edilməyəcək. Əgər sizdə və ya partnyorunuzda cinsi yolla keçən infeksiya ola biləcəyini düşünürsünüzsə, mümkün qədər tez müayinədən keçmək vacibdir.
Narahat olmayın, heç kim sizi mühakimə etməyəcək. Etdiyiniz tək şey özünüzü və körpənizi qorumaqdır.
Qida əlavələr qəbul etməyə davam edin (və ya başlayın).
Hamiləlikdə sağlam qidalanmaq sizə lazım olan vitamin və mineralların çoxunu almağa kömək edəcək. Ancaq hamiləlik dövründə D vitamini və fol turşusunu qida əlavəsi olaraq qəbul etmək də çox vacibdir.
D vitamini körpənizin sümüklərinin, dişlərinin, böyrəklərinin, ürəyinin və sinir sisteminin inkişafına kömək edir. Əgər hamiləsinizsə və ya süd verirsinizsə, gündə ən azı 10 mkq (400 TV) D vitamini qəbul etməyiniz tövsiyə olunur.
Fol turşusu, spina bifida da daxil olmaqla, sinir borusu qüsurlarının qarşısını almağa kömək edə bilər. Bunun qarşısını almaq üçün hamilə olduğunuzu bilən kimi və hamiləliyin 12 həftəsinə qədər hər gün 400 mkq fol turşusu (metilfolat) qəbul etmək vacibdir.
Əgər hamiləliyinizdə sinir borusu qüsurlarının yaranma riski yüksəkdirsə, həkiminiz tərəfindən sizə daha yüksək dozada fol turşusu (5 mq) qəbul etməyiniz tövsiyə olunur. Məsələn, şəkərli diabetiniz varsa, epilepsiya əleyhinə dərman qəbul edirsinizsə və ya əvvəlki hamiləlikdə hamiləlik diabeti olubsa yüksək doza fol turşusu təyin oluna bilər.
Hamiləlikdən əvvəl psixi sağlamlıq probleminiz varsa
Psixi sağlamlıq probleminiz varsa və dərman qəbul edirsinizsə, ginekoloqunuza və dərmanı yazan həkimə mümkün qədər tez hamilə olduğunuzu bildirin.
Onlar sizinlə dərmanınızın hamiləlikdə təhlükəsiz olub-olmaması və ya başqa bir müalicəni nəzərdən keçirməyiniz barədə danışacaqlar. Həkiminizlə danışmadan dərman qəbul etməyi dayandırmamağınız çox vacibdir.