Ovulyasiyanın vaxtını nece hesablmaq olar?

OVULYASİYANIN (YUMURTLAMANIN) VAXTINI NECƏ HESABLAMAQ OLAR?

Ovulyasiya kalkulyatorundan necə istifadə etmək olar?

Ovulasiya (yumurtlama)  tarixlərinizi öyrənmək üçün sadəcə son aybaşının ilk gününün tarixini və  ortalama aybaşı tsikli günlərinin sayını kalkulatora daxil edirsiniz və “göndər” düyməsini basırsınız. Aybaşı tsikli menstruasiyanızın ilk gününündən növbəti menstruasiyanın ilk gününə qədər olan  günlərin sayıdır. 

Hesablama ilə  4 ay ərzində ovulyasiya günlərinizi biləcəksiniz. Bu, nə vaxt hamilə  qalmaq şansınızın daha çox olduğunu başa düşməyinizə kömək edəcək bir bələdçidir.

Mənim aybaşılarım düzənsizdirsə  nə etməliyəm?

Əgər aybaşılarınız düzənsiz olur və tsiklin müddətini  hesablaya bilmirsinizsə  bu, yumurtlama tarixinizi təyin etməyi çətinləşdirə bilər. Ancaq ovulyasiyanı təyin etməyin vaginal axıntının xüsusiyyətinin dəyişilməsi, ovulyasiya testinin müsbət olması və ya rektal temperaturun ölçülməsi kimi yolları da var. Aşağıda bu barədə daha ətraflı məlumat veriləcək.

Hamilə qalmaq üçün ən əlverişli günlər hansılardır?

Hamilə qalma şansınızı artırmaq üçün  yumurta hüceyrənin  və spermatozoidin mümkün qədər tez-tez  görüşməsi vacibdir. Siz tsiklin ancaq  bir neçə günündə, yəni follikulun partlayıb yumurta hüceyrəni sərbəst buraxdığı günlərdə hamilə qala bilərsiniz. Orta hesabla menstruasiya tsikli müddətində  cinsi əlaqənin hamiləliklə nəticələnə biləcəyi 6 gün var.  Bu,  yumurtlamadan 5 gün əvvəl və yumurtlama gününün özünü əhatə edir. 

Bəzi insanlar çox tez hamilə qalırlar, lakin bəzi insanlar üçün bu bir az daha uzun çəkə bilər. 

Aybaşı tsikli müddətində nələr baş verir?

  • Aybaşı tsikli menstruasiyanın ilk günündən başlayır və növbəti menstruasiyanın ilk gününə qədər davam edir;
  • Bu, orta hesabla 28 gündür, lakin 21 ilə 40 gün arasında davam edən bir tsiklin olması normaldır;
  • Bu dövrdə  yumurtalıqda follikul yetişməyə başlayır;
  • Eyni zamanda uşaqlığın selikli qişası mayalanmış yumurtanı qəbul etməyə  hazırlaşır;
  • Ovulyasiya zamanı servikal selik spermanın  yumurtaya çatmasına kömək etmək üçün daha nazik və şəffaf olur;
  • Növbəti menstruasiya başlamazdan təxminən 12-16 gün əvvəl follikul partlayır və yumurta sərbəst buraxılır (ovulyasiya);
  • Yumurta ovulyasiya zamanı və ya növbəti 24 saat ərzində sperma ilə görüşərsə,  mayalana bilər;
  • Yumurta mayalanmazsa, bədən tərəfindən sorulur, hormon səviyyələri aşağı düşür və uşaqlığın daxili təbəqəsi soyuluraq xaric olur, yəni menstruasiya başlayır.

Cinsi əlaqə və mayalanma

Mütamadi cinsi əlaqə (hər 2 -3 gündən bir) əksər  insanın hamilə qalması üçün çox vacibdir. Yaşınız 40-dan azdırsa və hamiləlikdən qorunmaq üçün vasitələrdən istifadə etmirsinizsə, 1 il ərzində hamilə qalma şansınız 80%-dir.  

Hamilə qalma şansınızı artırmaq üçün hər ay mütamadi cinsi əlaqənin vacibliyi kimi, spermanın keyfiyyətinin yaxşı olması da çox əhəmiyyətlidir. Spermatozoid ən azı 3-4 gün  qadın orqanizmində yaşaya və yumurtanı mayalandıra bilir.

Ovulyasiya tarxini bilmək, ondan əvvəlki günlərdə və həmin günü cinsi əlaqədə olmaq hamilə qalma şansının daha da yüksəlməsinə səbəb olur. 

 

Ovulyasiya əlamətləri nələrdir?

Yumurtlama adətən növbəti aybaşının başlamasından təxmini 12 – 16 gün əvvəl baş verir, ona görə də tsikl müddətini bilməyiniz əhəmiyyətlidir.

İlk addım olaraq, aybaşı olduğunuz tarixi yadda saxlamaq üçün onu bir yerə qeyd etməlisiniz. Daha sonra tsiklin müddətini  hesablamaq üçün aybaşının  ilk günündən  növbəti aybaşıya qədər neçə gün olduğunu saya bilərsiniz.

Vaginal axıntının dəyişilməsi. Uşaqlıq boynu kanalı tsikl müddətində selik ifrazat edir, bu selik ovulyasiyadan əvvəl ağ rəngli və qatı olur, ovulyasiya dövrünə yaxın isə tədricən daha duru və şəffaf olmağa başlayır. Bu, orqanizmdə hormon səviyyələrinin yüksəlməsi ilə əlaqədardır. Şəffaf  və dartılan vaginal axıntının olduğunu qadınlar, adətən özləri də hiss edirlər. Bəzən insanlar onu çiy yumurta ağı ilə müqayisə edirlər. Seliyin xüsusiyyətinin bu şəkildə dəyişilməsi spermanın kanaldan asanlıqla keçməsinə kömək edir.  Hamiləlik planlayırsınızsa, bu dövr cinsi əlaqəyə girməyin vaxtıdır, amma istəmirsinizsə, kontrasepsiyadan istifadə edin!

Sonradan selik qatılaşır və yapışqanlığı artır. 3 gündən sonra adətən hamilə qalmaq ehtimalınız azalır.

Temperatur. Siz həmçinin hər səhər oyandığınız zaman temperaturunuzu qeyd etməklə ovulyasiya dövrünüzü öyrənə bilərsiniz – buna bazal temperatur da deyilir və düz bağırsaqda ölçülür. 3 gün ərzində temperaturun bir qədər yüksəlməsi (təxminən 0,2°C) adətən yumurtlamanın baş verdiyini göstərir. 

Bu  üsuldan əvvəllər çox istifadə olunsa da, hal-hazırda az hallarda istifadə olunur. Bəzi xəstəliklər və ya infeksiyaların temperaturun yüksəlməsinə təsir edə biləcəyini nəzərə almaq lazımdır.

Ovulyasiya testləri. Ovulyasiya proqnozlaşdırıcı testləri apteklərdən  əldə etmək olar və istifadəsi olduqca asandır. Onlar yumurtlama baş verərkən  sidikdə bir hormonun səviyyəsinin yüksəlməsini  aşkar edərək işləyirlər. 

Ən sadə sidik testləri yumurtlamadan 24-36 saat əvvəl yüksələn luteinləşdirici hormonu (LH) aşkar etmək üçün istehsal olunmuşdur. Bu, mayalanma üçün  ən əlverişli 2 günü müəyyən etməyə kömək edir, lakin bu müddətdən bir gün əvvəl və sonra da mayalanma şansı yüksək olur.

Testi nə vaxt edəcəyinizi bilmək üçün aybaşı tsiklinizi bilməyiniz vacibdir. Yuxarıda sadaladığımız əlamətlərə əsasən ovulyasiya dövrünü təxmin etmək və məhz həmin günlərdə testi etməklə daha dəqiq nəticə əldə etmiş olarsınız. Əgər aybaşı tsikliniz qeyri-müntəzəmdirsə siz yenə də bu testlərdən istifadə edə bilərsiniz, ancaq  daha çox test zolaqlarından istifadə etməli olacaqsınız.

     

 

Formanı doldurun

Formanı doldurun , sizinlə ən qısa zamanda əlaqə saxlayaq.

Bənzər Məqalələr